Əhmədi hardan tapaq?
- 07 Noy 2021 10:57
- 1527
Ötən ilin bu günlərində xalqımız coşqulu günlər yaşayır, sevinclə kədər bir-birinə qarışırdı. Müzəffər ordumuz inamla irəliləyir, erməniləri müqəddəs Qarabağ torpaqlarından sürətlə qovurdu. Artıq möhtəşəm qələbənin ayaq səslərini duyurduq, əmin idik ki, tezliklə düşmən təslim olacaq. Gözlənilən gün noyabrın 8-də yetişdi, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edildiyini açıqladı: “Əziz Şuşa, sən azadsan!” Bütün Azərbaycandan bayram yaşayır, hamı sevincini bir-biriylə bölüşürdü. Düz 1 il 1 gün bundan əvvəl...
Amma “Neftçi” azarkeşləri həmin sevinci doyunca yaşaya bilmədi. Bu açıqlamadan bir qədər sonra “ağ-qaralar” doğma meydanda “Qarabağ”ı qəbul etdi və qarşılaşma meydan sahibləri üçün acınacaqlı hesabla yekunlaşdı. “Xalq komandası” 0:6 hesabıyla məğlub oldu. Düzdü, yaxın keçmişdi “Neftçi”nin “Qəbələ”yə 0:8 hesabıyla məğlub olduğunu da görmüşdük. Amma budəfəki yenilginin hesabı bir qədər kiçik olsa da, rəqibin prinsipial olması vəziyyəti ağırlaşdırırdı. “Neftçi”nin bəxti onda gətirdi ki, bu yenilgi Şuşanın azad olunduğu gün yaşandı və gündəm qələbə sevinciylə məşğul olduğundan “ağ-qaralar”ı asab-kəsən tapılmadı. “Qurban” da tezliklə tapıldı. Füzuli Məmmədov baş məşqçi postundan uzaqlaşdı, onun yerinə Samir Abasov əyləşdi.
Bu yaxınlarda Samir bəyin verdiyi açıqlamada bir məqam diqqətimi cəlb etdi: “Mən işsiz olanda hansı komandada baş məşqçi postu boşalırdısa, idman jurnalistləri məni ora namizəd göstərirdilər”. Həqiqətən də eləydi. Abasov “Sumqayıt”dakı işiylə özünü idman mətbuatına da, azarkeşlərə də sevdirə bilmişdi. Belə bir fikir formalaşmışdı ki, “Sumqayıt” AFFA-nın nəzarətində olduğuna və daha çox əcnəbilərin “milliləşdirilməsi” prosesinə xidmət etdiyinə görə Samir bəy heyəti gücləndirib, əsl potensialını ortaya qoya bilmir. Əmin idik ki, daha yaxşı heyət və şəraitlə gənc çalışdırıcı böyük işlər görə bilər. Elə bu inamla da onun “Zirə”də üzləşdiyi uğursuzluğa göz yumduq. Düşündük ki, qəsəbə təmsilçisində Samir bəyin istədiyi mühiti tapmadı, buna görə də onun ordakı işi uğursuz alındı.
Amma hazırda ona bəraət qazandırmaq çətindi. Nə bəraətə yer var, nə də bəhanəyə. Ötən mövsüm belə Samir bəyi bu qədər tənqid etmək olmazdı. Mütəxəssis komandanı mövsümün ortasında, özü də 0:6 hesablı məğlubiyyətdən sonra qəbul etmişdi. İndi isə vəziyyət fərqlidi. Samir Abasovun “Neftçi”dəki fəaliyyətinin bir ili tamam olur. Qış fasiləsində heyətə əl gəzdirən çalışdırıcı yayda komandanı “söküb” və öz istədiyi kimi “yığıb”. “Rəhbərlik transfer etmədi”, “Meza Kollini “milliləşdirə” bilmirik”, “avrokuboklarda təcrübəmiz yox idi”, “yerlilərin səviyyəsi aşağıdı”, “Qarabağ” azarkeşləri mənə söz atırdı” tipli bəhanələr keçərli deyil, cənab Abasov. “Keşlə”yə uduzduğunuz oyundan sonra isə danışmağa söz də yoxdu, üz də.
“Neftçi”yə çempionluq gətirən “Dalğa Arena”dakı oyundakı hakimlikdən çox danışıldı. Elçin Məsiyevin idarəçiliyi həm mətbuatda, həm də sosial şəbəkələrdə müzakirə edildi. Amma “Qarabağ” tərəfi bunların üzərində çox dayanmadan yoluna davam etdi, indi də bunun bəhrəsini görür. Sanki “Neftçi” də, Samir Abasov da hələ “Dalğa”dadı, bu qələbənin eyforiyasındadı. Avrokuboklardakı fiasko və “Neftçi”nin yeni mövsümdə irəli-geri ləngər vurması “Dalğa”ya nostalgiya yaradır. Məsiyev elə də uzaqda deyil, onu tapmaq olar. Amma Əhməd gedib, əzizlərim. Onu hardan tapacaqsız?