Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.

Rekord.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamızın qarşılanma mərasimi keçirilib. Gənclər və İdman naziri Fərid Qayıbov komandanı qarşılayanlar arasında yer alıb. Nazir güləşçiləri və məşqçiləri təbrik edib, onlarla xatirə şəkli çəkdirib.

Daha sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını belə şərh edib:

“Bu nəticə Azərbaycan güləşində tarixi hadisədir. Dünya çempionatında Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazandı. Bu, AGF-nin çox böyük uğurudur. Federasiyanın rəhbəri Namiq Əliyevi, millinin baş məşqçisi Aleksandr Tarakanovu, böyük məşqçi Rövşən Bayramovu, məşqçilər Akif Əliyevlə Həsən Əliyevi təbrik edirəm. Uzun müddət bu yarışa hazırlıq keçmişdik. Bu prosesdə bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, eləcə də Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk. Təlim-məşq toplanışları davam edəcək. Noyabrda bizi U-23 dünya çempionatı gözləyir. İlin sonunadək bir neçə daxili yarışın keçirilməsi də nəzərdə tutulub. Bu uğuru “Dəmir yumruq” əməliyyatında qələbələr qazanmış şəhid və qazilərimizə həsr edirik”.