Türkiyə millisinin üzvü Burak Yılmaz bu gün DÇ-2022-nin pley-off mərhələsində Portuqaliya ilə keçirəcəkləri matç barədə danışıb. 

Rekord.az xəbər verir ki, 36 yaşlı hücumçu matç öncəsi təşkil olunan mətbuat konfransında növbəti mərhələyə yüksəlmək üçün çalışacaqlarını deyib: 

“Portuqaliya millisi ilə onun meydanında oynamaq fərqlidir. Bu komandada dünyanın ən vacib oyunçuları var. Onlara hörmətimiz böyükdür. Amma bura uduzacağımızı düşünərək və ya söz olsun deyə gəlməmişik. Bizim də xəyallarımız var. Ölkəmizi dünya çempionatında görmək istəyirik. Çox yaxşı oyun olacaq”. 

Burak Portuqaliya millisinin üzvü, “Lill”dəki komanda yoldaşı Joze Fontenin “Meydanda dostluq olmayacaq” sözlərinə belə reaksiya verib: “Fonte çox düzgün fikir səsləndirib. Meydanda dostluq olmayacaq. Bir-birimizi tanımağımızın üstünlük və ya hər hansısa bir problem yaradacağını düşünmürəm”. 

Burak Yılmaz Kriştiano Ronaldo haqqında da danışıb: “Ronaldo mənim üçün futbol tarixinin ən yaxşı oyunçusudur. Onu çox sevir və hörmət edirəm. Ronaldo üçün necə olduğunu bilmirəm, amma mənim üçün bu, son dünya çempionatıdır. Meydana çıxıb əlimdən gələni etmək istəyirəm”. 

Qeyd edək ki, bu gün keçiriləcək Portuqaliya – Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.