Bulaq(lı)dan başlayan (")Marafon(")
- 11:18
- 46
Dünən Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsində "Marafon" - "Dinamo" matçı baş tutdu. Meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib növbəti mərhələyə yüksəldilər.
İlk baxışdan adi matçdır. Amma əvvəlki cümlədəki "meydan sahibləri" ifadəsi bu qarşılaşmanın əhəmiyyətini dəyişir, yüksəldir. Çünki meydan sahibləri Sabirabadı təmsil edirdilər, matç isə şəhərdə yox, rayonun Bulaqlı kəndində yenicə inşa olunmuş "Marafon Arena"da keçirilirdi.
* * *
Bakıdan 2 saatlıq məsafədədir kənd. Metronun "20 yanvar" stansiyasından çıxan taksilərdən biriylə getmək qərarına gəldim.
"Masallı, Masallı!" deyə səsləyən birinə yaxınlaşıb, "Sabirabad taksiləri hansı tərəfdən çıxır" sualıma, "burda 1 dəqiqə gözlə, özləri yaxınlaşacaqlar" cavabını aldım. Bir az sonra adam "səhərdən hamı Sabirabada gedir, nə olub görəsən" deyə soruşdu. "Futbol var bu gün" dedim.
- Həə, ola bilər...
* * *
Mən kəndin girişinə çatanda matça 1 saatdan çox vaxt qalırdı. Bulaqlı yolun həm sağ, həm də sol tərəfində yerləşib. Soraqlayıb stadion olan tərəfi və ora yeganə girişi - kanalın üstündəki dəmir keçidi (körpü) tapdım. Əsas yoldan kəndin içiylə, qapılarında it, toyuq-cücə, hətta atı olan evlərin arası ilə təxminən 700-800 metr məsafə getmək lazım idi. Öncə onu deyim ki, vaxtilə "Tinglik Sovxozu" kimi tanınan bu yaşayış məntəqəsi sonralar ərazidə aşkarlanan mineral su bulağına görə Bulaqlı kəndi kimi adlandırılıb. Sakinlər deyir ki, burada su yayda sərin olur, qışda isə temperaturu artır və istilənir. Ətraf kəndlər də bu bulağın suyundan yararlanırlar. Bir maraqlı məqam da odur ki, kəndə təbii qazı cəmi 10 il əvvəl veriblər.
* * *
Stadiona çatdım. Gözəldir. Ağacların əhatəsində, əkin sahələrinin yanında inşa olunub, 200 nəfərlik (bu matçı azı 400 nəfər izlədi) tribunası var. Arena 2-ci liqa və Azərbaycan Kubokunun ilkin təsnifat mərhələləri üçün uyğundur. Stadionda çəkiliş üçün platforma, hakim, iclas, dopinq, həkim otaqları var, bir sözlə, matçın keçirilməsi üçün bütün şərait var. Meydança da yaxşı idi. Oyundan əvvəl sulandı, hər 2 qapı önündə hücumlar oldu, amma qazon sona qədər korlanmadı, keyfiyyətini çox itirmədi.
Belə arenaları biz həmişə İngiltərənin aşağı divizionlarında görürük. Kiçik, bir kəndin, bir qəsəbə və ya kiçik rayonun təmsilçisi olan komandanın xudmani bir stadionu. Yaxşı bir futbol izləmək üçün uyğun, əla məkan.
* * *
Bütün bunları quran şəxs Vüsal Xəlilovdur. "Marafon" klubunun prezidentidir, iş adamıdır. Bu ilin may ayında Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib. Kluba, işinə şəxsi vəsaitini, cibinin pulunu xərcləyir. Səmimi və düzgün adam təsiri bağışladı. Oyunu tribunada azarkeşlərlə birlikdə izlədi, komandasının qollarına sevincini hamı ilə bölüşdü. Oyundan sonra müsahibə götürdüm ondan. Klubun hədəflərinin böyük olduğunu, mümkün qədər irəliləmək, həm Sabirabad, həm də ümumilikdə ölkə futboluna töhfə vermək istədiklərini bildirdi. Həmçinin yerli iş adamlarını futbola maliyyə yatırmağa, dəstək olmağa çağırdı.
Mən də bu çağırışa qoşuluram. Vüsal Xəlilov və onun kimi azsaylı əsl futbolsevərlərə dəstək olmaq lazımdır. "Düzün ortasında" sıfırdan meydan qurmaq, kiçik də olsa stadion tikmək, paralel olaraq rəqabətədavamlı komanda yaradıb onu irəli aparmaq asan iş deyil. Ciddi maliyyə, əmək, vaxt və güc sərfiyyatı, həyatını buna sərf etmək deməkdir, fədakarlıqdır. Mənim ancaq təşəkkür etməyə, digərlərinə nümunə göstərməyə gücüm çatır.
* * *
Oyunun özünü unutmuşdum. Öncə də dediyim kimi, matça maraq böyük idi. Region Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, həmçinin Füzuli Nəcəfov, Asif Əliyev və digər futbol adamları, yerli icra hakimiyyətinin nümayəndələri oyunu izləyənlər arasında idilər. Qarşılaşma "Marafon"un böyük üstünlüyü ilə keçdi. Nodar Məmmədov, Pərviz Qaraxanov, Novruz Məmmədov, İlqar Ələkbərov, İlham Allahverdiyev və digərləri kimi adi futbol azarkeşlərinin də xatırladığı futbolçuların forma geyindiyi komandanın hazırda II Liqada liderlər qrupunda olması və kubokda belə rahat qələbə qazanması təsadüfi olmamalıdır. Gənc mütəxəssis Ceyhun Cavadovun baş məşqçisi olduğu kollektiv yeni meydançada atəşli azarkeşlərin dəstəyi ilə ilk dəqiqələrdən oyunu hücumda keçirdi. Fasiləyə qədər iki topluq fərqi qazanan sabirabadlılar, ikinci yarıda da penaltidən son nöqtəni qoya bildilər. "Marafon"un növbəti mərhələdəki rəqibi I Liqa təmsilçisi "Zaqatala" olacaq.
* * *
Bakıda gün keçirənlər (elə rayonları özünə ad götürüb rayon üzü görməyənlər, görmək istəməyənlər də) utansınlar. Sabirabadda, bir kənddə yer tapıb orda ölkə kuboku oyununu qəbul edəcək standartda, təbii örtüklü stadion tikə bilən adamlar var, siz isə o yekəlikdə yarımadada bütün ölkə futbolunu bir dənə süni örtüklü Binəyə məcbur qoymusuz. Mənə and içsələr də heç kim inandıra bilməz ki yer yoxdur. Var, boldur. Sadəcə özünüzü yorub iş görmək istəmirsiz. Abşeronda, elə regionlarda da bu "Marafon Arena"dan onlarla, bəlkə də yüzlərlə tikmək, kütləviliyi dəfələrlə artırmaq, həvəskar, həmçinin aşağı liqa komandalarına minimum imkanlarla daha yaxşı şərait qurmaq, bununla ölkə futbolunun inkişafına ciddi təkan vermək olar. Olar. Sübutu da var. Çox uzaqda deyil. Bakıdan cəmi 2 saat yol uzaqlıqda, Sabirabadın Bulaqlı kəndində. Gedin, baxın, nümunə götürün.
Kənan Məstəliyev