Boksçularımızdan AÇ öncəsi iddialı açıqlamalar
- 2022-03-10 17:30
- 558
22 yaşadək boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatı öncəsi təlim-məşq toplanışını başa vurub. Rekord.az xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq Avropa çempionatına Boks Mərkəzində hazırlaşan komandamız bu gecə səfərə çıxacaq.
Boksçularımız martın 13-23-də təşkil olunacaq yarışdan medalla qayıdacaqlarına böyük ümid bəsləyirlər. Artıq çempionata hazır olduqlarını qeyd edən milli üzvləri səfərə çempionluq üçün yollanacaqlarını da gizlətmirlər.
Böyüklər arasında Azərbaycan çempionatının son qalibi, aşağı yaş qruplarında 5 dəfə ölkənin ən güclüsü adını qazanan Ruslan Qədirov vurğulayıb ki, Avropa çempionatında onu qızıl medal qane edəcək. 54 kq çəki dərəcəsində rinqə çıxacaq 20 yaşlı boksçu bu arzusuna çatmaq üçün təlim-məşq toplanışının yüksək səviyyədə davam etdiyini deyib: “Federasiya tərəfindən hər bir şərait yaradılıb. Qidalanmaqla və qalmaqla bağlı hər şey normaldır. Yarışlara az qaldığından fiziki çalışmalar azalıb, məşqlər bir az yüngülləşib. Əsasən sürətli işləmələrə üstünlük veririk. Həmçinin çəkilərimizə diqqət edirik. Özümü yaxşı hiss edirəm və yaxşı formadayam. Hədəfim çempion olmaq, ölkəmizə medalla qayıtmaqdır. Qazanacağım uğuru isə böyük yarışlarda – dünya çempionatında, Olimpiya Oyunlarında davam etdirmək istəyirəm”.
Komandamızın təcrübəli boksçularından Cəlal Qurbanov (63,5 kq) beynəlxalq arenada da uğur qazanacağına inam ifadə edib. Yeniyetmələr və gənclər arasında Azərbaycan çempionu, böyüklərdə bürünc mükafatçı olan idmançı U-22-lərin Avropa çempionatında ikinci dəfə qüvvəsini sınayacaq. Dünya birinciliyində də rinqə çıxmış perspektivli milli üzvü təcrübəsinin köməyinə gələcəyinə ümid edir: “Hər şey qaydasındadır. Yığmada hər bir boksçu yaxşı formadadır. İnanırıq ki, bu dəfə medallarımızın sayı çox olacaq. Özüm də lazımı formadayam. Poreçdə çempionluq üçün rinqə çıxacağam. Əvvəlki yarışlardakı təcrübənin köməyimə gələcəyinə inanıram. Çəki dərəcəmdəki rəqiblərin fərqi yoxdur. Biz səfərə Azərbaycan bayrağını yüksəklərə qaldırmaq üçün gedirik”.
Yığmamızın titullu boksçusu Murad Allahverdiyev (80 kq) Xorvatiyaya növbəti dəfə Avropa çempionu tituluna sahib olmaq üçün yollanacağını açıqlayıb. Yeniyetmələr arasında qitənin ən güclüsü adına yiyələnən, bürünc medal qazanan, həmçinin gənclər arasında Avropa üçüncüsü olan Tərtər boks məktəbinin yetirməsi U-22-lərin yarışında da Azərbaycan himnini səsləndirməyi hədəfləyib. Müxtəlif yaş qruplarında 5 dəfə Azərbaycan çempionu olan Allahverdiyev bildirib ki, hazırda karyerasının ən pik formasındadır: “Hər şey yaxşıdır. İnanıram ki, Azərbaycana çox sayda yüksək əyarlı medallarla qayıdacağıq. Əvvəlki yarışlarla müqayisə etsəm, indi daha yaxşı formadayam. Təcrübəmin də köməyimə çatacağına inanıram. Özümə güvənirəm. Əsas rəqiblərim sırasında Rusiya, Belarus və Ukrayna təmsilçilərini tanıyırdım. Onların yarışa qatılmayacağı gözlənilir. Türkiyəli rəqibimi də yaxşı tanıyıram. Dünya birinciliyində ona qalib gəlmişəm. Hədəfim çempionluqdur. Bu isə komandamızda hər birimizin arzusudur”.
Yeniyetmə və gənc boksçular arasında 3 dəfə Azərbaycanın ən güclüsü adına yiyələnən, həmçinin dünya və Avropa birinciliklərinin mükafatçısı Nicat Hüseynov (51 kq) bildirib ki, hazırda ən yaxşı formasındadır: “Fevralın 21-dən təlim-məşq toplanışına başlamışıq. Hər şey qaydasındadır. Hazırda yaxşı formadayam, özümü də yaxşı hiss edirəm. İnşallah, bunu Xorvatiyada rinqdə də göstərəcəyəm. Düzdür, ayağımda bir az “ağırlıq” var. Amma yarışadək onu da aradan qaldıracağam. Rəqiblərimə gəlincə, bir türkiyəli boksçunu tanıyıram. Avropa birinciliyində onunla qarşılaşmışam. Amma çempion olmaq istəyirəmsə, mənim üçün rəqiblərin kimliyinin fərqi yoxdur. Poreçə qalib gəlmək üçün gedəcəyəm”.
Bütün yaş qruplarında ümumilikdə 6 dəfə Azərbaycan çempionu titulunu qazanan Maqsud Xasmetov uğurunu beynəlxalq arenada davam etdirmək zamanının yetişdiyi qənaətindədir. Avropa çempionatında 57 kq çəki dərəcəsində rinqə çıxacaq boksçunun sözlərinə görə, səfərə yollananadək tam formasını yığacaq: “Artıq 3 ildir böyük yaş qrupunda döyüşürəm. Bunun da yarışda köməyimə gələcəyinə inanıram. Bizim üçün hər şərait yaradılıb. Fikrimcə, Avropa çempionatında uğurlu çıxışla özümü sübut edəcəyəm. Məşqçinin köməyi sayəsində hər rəqibə qarşı xüsusi taktika ilə mübarizə aparacam. Boyu balaca olanla “2 nömrə”, uzaq məsafədə işləmək, uzunboylu rəqiblə yaxın məsafədə döyüşə üstünlük verəcəm. Avropa çempionatında məni yalnız qızıl medal məni qane edəcək. Başqa mükafat barədə belə düşünmürəm”.
Yığmamızın digər üzvü Nəbi İsgəndərov (67 kq) da yarışa iddialı yollanacağını açıqlayıb. Yeniyetmələr arasında 2, gənclərdə və böyüklərdə 1 dəfə ölkə çempionu olan Gəncə boksunun yetirməsi Avropa çempionatında üçrəngli bayrağımızı yüksəklərə qaldıracağına əmin olduğunu deyib: “Avropa birinciliklərində təcrübəm var. Aşağı yaş qruplarında qitə çempionatlarında döyüşmüşəm. Artıq yarışa yollanmağı gözləyirik. Səhvlərimiz üzərində işləmişik, hər şey qaydasındadır. Ümid edirəm ki, medalımızı da gətirərik. Mənim üçün rəqibin fərqi yoxdur. Hər şey yaxşıdır. Uşaqların da üzü gülür. Hamının əhval-ruhiyyəsi yaxşıdır və bunun da bəhrəsini Xorvatiyada görəcəyimizə inanıram”.
Komandamızın heyətində böyük perspektiv vəd edən Mirşərif Kazımzadə (75 kq) isə Avropa çempionatında gərgin mübarizənin gedəcəyini gizlətməyib. Buna baxmayaraq, o, çəkisində sözünü deyəcəyinə inanır. Müəyyən müddətdir böyüklərin yarışında çıxış edən Kazımzadə istənilən ölkənin liderindən çəkinmədiyini vurğulayıb: “2 il öncə böyüklər arasında keçirilən ölkə çempionatında finalçı, son analoji yarışda çempion oldum. Finaldakı məğlubiyyəti əvəzini rəqibimdən 2 dəfə çıxmışam. Revanş almaq üçün daim üzərimdə işləyirəm. Hazırda yaxşı formadayam. Yarışda məqsədim ancaq qızıl medal qazanmaqdır. Ötən il dünya çempionatında, ardınca Serbiyada beynəlxalq turnirdə iştirak etmişəm. Rəqibin fərqi yoxdur. Məqsədim Azərbaycan himnini səsləndirib, bayrağımızı yüksəklərə qaldırmaqdır. İnanıram ki, qazanacağım uğur növbəti yarışlarda da təkrarlanacaq”.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 7 boksçu ilə təmsil olunacaq. Yarışda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.