1 ildən sonra gələn qələbə. Belarusla dünənki oyuna başqa ad vermək olmaz. Nə demək olar? Futbol adına heç nə yox idi. Qələbəyə, futbolçuların əziyyətinə kölgə salmaq kimi bir niyyətim yoxdur, qətiyyən. Bu qələbəyə ürəkdən sevinənləri təbrik edirəm. Amma izləyənlər də gördü ki, oyun üstünlüyü belarusların tərəfində idi və ilk 1 saat ərzində bir neçə real qol imkanları oldu. Onu da nəzərə alaq ki, Belarus millisi böhran dövrünü keçirir və üstəlik, Ukraynadakı müharibədə Rusiyaya dəstək verdiyi üçün UEFA tərəfindən də sanskiya ilə üzləşib, ev oyunlarını neytral meydançada azarkeşsiz keçirir. Yəni belə vəziyyətdə olan millinin məğlub etmək xüsusi qəhrəmanlıq sayılmamalıdır. Futbol kollektiv oyun olsa da, şəxsi fikrikmdir ki, bugünkü qələbəni çəkinmədən Mahir Əmrəlinin ayağına yazmaq olar. Məhv edilmiş "Bakı"nın yetişdirdiyi və həmin "Bakı"nı məhv edənlərin düşmən gözü ilə baxdığı Qurban Qurbanovun inkişaf etdirib Avropaya göndərdiyi Mahirin. Adam ilk qolu sırf fərdi ustalığı hesabına vurdu. Heç kimdən ötürmə almadan, heç kiminlə divar pası oynamadan. Topu götürdü, fərdi ustalığı ilə rəqib müdafiəsini keçib mükəmməl qola imza atdı. İkinci qolda isə təkbaşına pressinq edib hücuma çıxan rəqib müdafiəçidən topu oğurlayıb vacib ötürmə verdi. Hansı ki, onun etdiklərinin heç 10 faizini 1 saat meydançada olan Renat Dadaşov edə bilməmişdi. Adama təsir edən odur ki, 9 aydır öz klubunda qol vura bilməyən, kimlərinsə 1 milyon dollar qarşılığında milliyı sırıdığı bu futbolçunu israrla milliyə çağırıb start heyətində oynadırlar. Yaxşı ki, de Byazi gec də olsa anladı ki, Dadaşov meydançada olduğu sürəcdə qol vurmaq xəyal olacaq. Eləcə də "dirək" rolunu oynayan 33 yaşlı braziliyalı Almeyda ilə, varlığı ilə yoxluğu bilinməyən Eddi İsrafilov. Məhz bu futbolçuların əvəzlənib daha çox hücum potensialı olan futbolçuların meydançaya girməsindən sonra oyunda dönüş yaratmaq mümkün oldu.

 

 

Bəs bu qələbə bizə nə verəcək? Təbii ki, heç nə. Bugünkü qələbənin inikişafa, hansısa perspektivə heç bir aidiyatı yoxdur. Sadəcə, Azərbaycan futbolunun qatilləri və onların əlaltıları üçün bir müddətlik "kozır" olacaq. Bunu hər zaman demişik, yenə də deyirik: futbolda köklü islahatlar olarsa, futbolun başına futbolu və Azərbaycanı sevən insanlar gələrsə, inanın ki, ən azı bugünkü Qazaxıstanın yerində biz olarıq. Əks halda ildə bir dəfə bu cür təsadüfi qələbələrlə başımızı aldadacaqlar...

 

Anar XANLAROV