Dostlarımız arasında bizi qınayanlar var. Onlar iddia edirlər ki, biz öz tənqidlərimizdə haqsızıq, qərəzliyik, hətta qaragüruhuq. Arqumentləri də budur ki, Azərbaycanda futbol həmişə zəif olduğuna görə indiki məğlubiyyətlərə görə nə AFFA-nı günahlandırmaq olar, nə də millimizin italyan baş məşqçisi Canni De Byazini. Günahkar özümüzük, yəni Azərbaycan xalqı. Çünki biz fərsizik, futbol oynamağı bacarmırıq, bizdən nə Kvaratsxeliya çıxıb, nə də Mixtaryan...

 

Ayıbdı, əzizlərim, ayıbdı! 


Başlayaq ondan ki, dünyaya gələrkən uşaq heç nə bacarmır. Dilsiz-ağılsız körpə hər şeyə ağlayaraq reaksiya verir. Yıxılanda da ağlayır, acanda da. Nəsə istəyəndə, altını batıranda ətrafdakıların diqqətinə özünə cəlb etmək üçün ağlamağa başlayır. Ağlayır, qışqırır, üsyan edir. Ondan sonra da altının bezini dəyişirlər, süd verirlər, qarnında sancısı olarsa, köpü çıxarmaq üçün şüyüd suyu. Sonra yavaş-yavaş uşaq böyüyür, onu tərbiyə edirlər, danışmaq öyrədirlər. Uşaq ağlamağı tərgidir, danışmağa başlayır. Bunun ardınca müxtəlif vərdişlərə yiyələnir. Yazır, oxuyur, şeir deyir. Əvvəlcə məktəbli olur, sonra tələbə. İxtisasa yiyələnir, dəyərli vətəndaşa, faydalı kadra çevrilir. 


Bir anlıq təsəvvür edək ki, valideynləri övladlarıyla maraqlanmır. Ona nə danışmağı öyrədirlər, nə də yazmağı. Təhsil vermir, tərbiyə etmirlər. Belədə həmin uşaq da heç nə bacarmayacaq, gələcəkdə ondan nə dəyərli vətəndaş olacaq, nə də faydalı kadr. Tüfeyli, bacarıqsız, cinayətkar, istədiyini zəhmətlə yox, oğurluqla-quldurluqla əldə edən insan cəmiyyətin nəyinə lazımdı? Valideynləri yaxalarını kənara çəkib, onsuz da bu uşaq heç nə bacarmır desələr, günahsız körpənin halı necə olar? Azərbaycan futbolu da həmin çarəsiz körpə kimidi. Onu düzgün yönəltmək, öyrətmək lazımdı. AFFA bu “uşağın” sağlam böyüməsinə, inkişafına cavabdeh olan valideyn kimidi. Almaniyadan, Xorvatiyadan, İtaliyadan “tərbiyəçi” gətirməklə bu iş olmaq. Azərbaycan futboluna körpə nəvazişi göstərmək, onun dilini bilənlərə, yeriməyi-yürüməyi öyrədə biləcək adamlara tapşırmaq lazımdı.


Azərbaycanda futbolçu çıxmırsa, Anatoli Banişevski haralı idi? Ələkbər Məmmədov, Vəli Qasımov, Nazim Süleymanov, Arif Əsədov, Samir Əliyev, Kamal Quliyev, Qurban Qurbanov, Rəşad Sadıqov... adlarını yazmadığım neçə-neçə futbolçu hansı millətin nümayəndəsidi? 10 il bundan əvvəl ortaya heç olmasa, Kamran Ağayevi, Mahir Şükürovu, Qara Qarayevi, Ruslan Abışovu, Vaqif Cavadovu... çıxara bilirdik. Mahir Emreli, Namiq Ələsgərov, Toral Bayramov necə yetişib? Deməli, AFFA yaxasını kənara çəkə bilməz. Bu ölkədə futbol da olub, futbolçu da. Onu şikəst edib, futbolçu nəslinin kökünü kəsiblərsə, günah yenə də AFFA-nın üzərindədi.


Aylar öncə AFFA qollarını çirmələyib, Anatoli Nuriyevi “milliləşdirmək”lə məşğul olanda, mən siz oxucular üçün “Azərbaycan millisinin rəqibləri: Portuqaliya, Serbiya,.. "Veres" sərlöhvəli yazı yazmışdım. Orda vurğulamışdım ki, “Veres”lə oyunda het-trik edən Nuriyevin, yaxud Kamran Əliyevin gəlişiylə bizim milli “ağ günə” çıxan deyil. İnkişaf kompleks şəkildə olmalı, uşaq futbolundan başlamalı, AFFA-nın futbola münasibəti dəyişməlidi. Yenə də mən haqlı çıxdım. Bütün bunları vaxtın yazmaq, AFFA-nı oyatmağa çalışmaq qaragüruhluqdusa, bəli, mən qararüruh olduğumu boynuma alıram. Siz də kim olduğunuzu etiraf edin!