Azərbaycan millisi bu gün Belçika millisi ilə sabahkı matç öncəsi son məşqinə çıxıb.

Rekord.az xəbər verir ki, məşq zamanı bəzi xoş olmayan məqamlar yaşanıb.

Belə ki, millinin məşqinin ilk 15 dəqiqəsindən sonra stadion əməkdaşları bütün jurnalistləri tribunanı tərk etməyə çağırdı. Bunun prosedur olduğunu nəzərə alıb tribunanı tərk etdik və içəri keçdik. Bu zaman məlum oldu ki, bizə heç içəridə də dayanmaq olmazmış, ümumiyyətlə, stadionu tərk etməliyik. Hansı ki, bəzi həmkarlarımız mətbuat konfransı keçirilən otaqda yazı yazır, məşqdən fotolar yükləyirdilər. Yalnız AFFA-nın Belçikada olan nümayəndə heyətinin rəhbər şəxslərinin  müdaxiləsindəm sonra məsələ yoluna qoyuldu. 

Diqqət çəkən daha bir məqam isə azərbaycanlı jurnalistlər stadionu tərk edərkən yaşandı. Belə ki, məşqin ilk 15 dəqiqəsindən sonrasının qapalı olduğunu əsas gətirib bizi stadiondan çıxarmağa cəhd edən mühafizə xidmətinin əməkdaşlarından biri dəmir hasarın yanında dayanıb hasarın deşiyindən millinin məşqinə xeyli tamaşa elədi. Saytımızın Belçikaya ezam olunmuş əməkdaşı da belçikalı "casus"u lentə almağı unutmadı. Nəzərə alsaq ki, Belçika Futbol Federasiyasının nümayəndələri də stadionda idi, həmin şəxsin məşqdə gördüklərini həmyerlilərinə çatdırmayacağına heç kim zəmanət verə bilməz.

 

Qeyd: "Rekord.az" saytının əməkdaşını Belçikaya ezamiyyəti "Etopaz"ın dəstəyi ilə gerçəkləşdirilib.