Bataqlıqdan quru çıxmağa çalışan Elxan Məmmədov
- 26 Mar 2022 10:07
- 1266
AFFA-nın boz divarları arasında hər şey əvvəlki kimidi. Elə futbolumuzda da durum eynidi. Dünən axşam Maltaya uduzmuşuq. Don Canni bundan əvvəlki məğlubiyyətlərə don geyindirməyə, rəzalətin üstünü ört-basdır etməyə çalışarkən rəqiblərin FİFA-nın reytinq cədvəlində bizdən öndə olmasını bəhanə gətirirdi. Maltaya boyun əyməmizə izah vermək üçün bu bəhanə də keçərsizdi. Çünki maltalılar həmin o siyahıda bizdən geridilər. Alınmır, De Byazi. Maltadakı mətbuat konfransında Canninin nağıllarına qulaq asmaq üçün beş nəfər özündə səbr və hövsələ tapıb ki, onlardan da ikisi AFFA-nın əməkdaşları olub. Özün danış, özün də dinlə. Çünki özünü bu günə salan da başqası deyil, sənin tamahkarlığındı.
Başdan-ayağa çirkaba bulaşmış futbol qurumunda köklü islahatllar aparılmayana qədər belə də davam edəcək. Min bir üsulla mətbuatın ağzını bağlamağa, haqqı deyənləri susdurmağa, haqqı yazan barmaqları durdurmağa çalışanlar sosial şəbəkələrdəki azarkeş üsyanına da özünəməxsus “əlac” tapdı. Feysbukda ayrıca “Milli komanda” səhifəsi yaratdılar. Məqsəd bəlli idi, AFFA-nın rəsmi səhifəsini tənqidlərdən, azarkeşlərin ələsalmasından uzaq tutmaq. Xəbərləri yoxdu ki, bununla özlərini daha gülünc duruma salıblar. U-21 millisi dünən Sumqayıtda estoniyalı həmyaşıdlarını 3:0 hesabıyla məğlub edib. AFFA-nın rəsmi səhifəsi paylaşım etməyə tələsib, millinin oyunun nəticəsi bəh-bəhlə paylaşılıb. Amma əsas komandanın Maltaya uduzması barədə rəsmi saytda heç nə yoxdu. Ən gülməlisi bilirsiz nədi? Maltayla oyundan əvvəl üzərində Emin Mahmudovun posteri olan paylaşım edilmişdi, komandaya uğurlar arzulanmışdı. AFFA-nın fırıldaqlarından bixəbər izləyici elə başa düşər ki, millinin Malta ilə qarşılaşması dünən gecədən davam edir, hələ bitməyib. Özləri də yaxşı başa düşür ki, nəticəni paylaşsalar, söyüşün biri qara qəpikdən şərhlərə yazılacaq. Elə dəvəquşu da başını kolluğa salanda gizləndiyini düşünür...
Canni De Byazinin özü kimi tükənmiş Elxan Məmmədov bu yaxınlarda son gedişlərindən birini edib. Ona elə gəlir ki, xeyli ağıllı və tədbirli davranıb, ölkədə onun qədər ağıllısı yoxdu. Adam “gənc kadrı” Sərxan Hacıyevi formal olaraq baş katib postuna dürtüşdürdü, özünü kölgəyə çəkməyə çalışdı. Guya ki, bundan sonrakı uğursuzluqlara görə hədəfdə Hacıyev olacaq, mətbuat və azarkeşlər yeni baş katibi tənqid edəcəklər, ondan hesabat istəyəcəklər. Beləcə Elxan Məmmədov yavaş-yavaş unudulacaq, xımır-xımır qaz vurub, qazan doldurmaqla məşğul olacaq. Yanılmısan, cənab. Azərbaycan futbolu ilə maraqlanan hər kəsə gözəl bilir ki, 30 yaşını qeyd etməyə hazırlaşan AFFA-nın xalq arasında bu qədər nifrət qazanmasının, futbolumuzun ildən-ilə uçuruma sürüklənməsinin, bataqlıqda batmasının əsas səbəbkarlarından birincisi elə Elxan Məmmədovdu. İstəyirsən, AFFA-dakı bütün kreslolara müqəvvalar otuzdur, lap elə robot Sofiyanı icraçı vitse-prezident postuna əyləşdir, yenə də xeyri yoxdu.
Arif oxucularımız qazının doğmasıyla bağlı olan lətifəni bilməmiş deyillər. Arvadı kənd qazısının başına oyun açır, axırda onun yatağına çağa qoyur ki, bunu sən doğmusan. Baş götürüb kənddən qaçan qazı illər sonra məsələnin unudulması ümidi ilə kəndə qayıdır. Görür ki, çayın sahilində iki qadın söhbətləşir, biri o birinə “qazı doğan ildən bəri bu kəndə gəlin gəlmişəm” deyir...