Balakəndə şəhidlərin xatirəsinə həsr olunmuş boks üzrə açıq rayon turniri keçirilib
- 21:30
- 31
Balakən Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Boks Federasiyası və Balakən Boks Klubunun birgə təşkilatçılığı ilə Balakən şəhidlərinin xatirəsinə həsr olunmuş kadet və yeniyetmələr arasında boks üzrə açıq rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin açılış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində şəhid ailələri və qazilər də iştirak etmişdir. Çıxış edənlər şəhidlərimizin qəhrəmanlığından bəhs edərək, belə yarışların gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi və sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətini vurğulayıblar. Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 8 komanda mübarizə aparıb. Yarışlarda Balakən, Zaqatala, Qızıləlcək, Bakı Təhsil, Gəncə, Hacıqabul və Naftalan Təhsil klublarının gənc boksçuları iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Qaliblərə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları və medalları təqdim olunub.