Bu gün Bakıda məşqçilik seminarı başlayıb. Paytaxtda Boks Mərkəzində təşkil olunan təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edir.


Rekord.az xəbər verir ki, o, məşqçilərə qaydalardakı yeni dəyişikliklər, onların tətbiqi, dərsliklərdəki məşq proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı seminar keçəcək.


Bu, iki – nəzəri və praktiki hissədən ibarət olacaq. Yekunda məşqçi-müəllimlər imtahan verəcəklər.


Təlimlərdən öncə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov iştirakçılara seminarın əhəmiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd ölkəmizdə fəaliyyət göstərən məşqçilərinin biliklərinin daha da artırılması, beynəlxalq mühitə inteqrasiya edilməsidir: “Hədəf boksda, hakimlikdə və məşqçilikdə ön sıralarda olmaqdır”.  


Adam Kusior isə son illər Azərbaycanda boksun inkişafını yüksək qiymətləndirib. O qeyd edib ki, 2 il öncə də Bakıda seminar keçib və ölkəmizdə kifayət qədər yüksək potensiala malik məşqçilər var: “İnanıram ki, bu gün seminara qatılan mütəxəssislər də tezliklə özlərini yaxşı tərəfdən sübut edəcək, yetirmələrinin nəticələri ilə milli komandalara böyük fayda verəcəklər”.


30-a yaxın məşqçinin qatıldığı seminar yanvarın 18-də yekunlaşacaq. İmtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olunacaq.