
"Azercell Telekom"dan Şamaxı stadionu ilə bağlı xəbərə reaksiya ÖZƏL!
- 17 May 2023 18:00
- 700
Bir neçə gün öncə "Azercell Telekom" şirkətinin "Şamaxı" ilə əməkdaşlığı və bu əməkdaşlığın davamı olaraq, növbəti mövsümdən Şamaxı stadionunun "Azercell Arena" adlanacağına dair müzakirələrin getdiyi haqda məlumat paylaşmışdıq.
Rekord.az olaraq, məsələyə sözügedən şirkətin də münasibətini öyrənməyi lazım bildik.
Şirkətdən məsələ ilə bağlı sorğumuza bu cür cavab verildi: "Müraciətinizlə bağlı bildiririk ki, “Azercell Telekom”-un Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən layihələr mediada geniş işıqlandırılır və yeni təşəbbüs və əməkdaşlıq barədə ictimaiyyət məlumatlandırılır. Hər hansı yenilik olduğu halda, bu, KİV vasitələri ilə paylaşılacaq".
Göründüyü kimi, şirkətin cavabında hansısa inkar və ya təkzib yoxdur. Burdan belə qənaətə gəlmək olar ki, həqiqətən də şirkətlə klub arasında sözügedən məsələ ilə bağlı müzakirələrin getdiyinə dair iddialar əsassız deyil.