
Azərbaycanlı jurnalist Polşada təzyiqə məruz qalıb
- 27 İyl 2023 15:16
- 616
Dünən keçirilən "Rakuv" - "Qarabağ" matçını izləmək üçün Azərbaycandan Polşada demək olar ki, jurnalist getməmişdi. 1-2 nəfər istisna olmaqla. Media sektorunda yer alan və Azərbaycanı təmsil edən yeganə şəxs isə Xəyal Əzizbəyli olub. Xəyal bəy hazırda Avropada yaşayır və imkan daxilində klublarımızın, o cümlədən "Qarabağ"ın səfər oyunlarında iştirak edir. Dünənki oyunda isə Xəyal bəyin başına xoşagəlməz olay gəlib. Belə ki, polşalı jurnalistlər tərəfindən ona təzyiq olunduğuna dair məlumat aldıq. Məsələnin təfsilatını öyrənmək üçün həmkarımızın özü ilə əlaqə saxladıq.
Rekord.az-a açıqlamasında Əzizbəyli məlumatın doğuruluğunu təsdiqlədi və təfərrüatları bölüşdü: "Oyun başlayanda mən media sektorunda oturmuşdum, ətrafımda da polşalı jurnalistlər idi. Azərbaycandan yalnız oyunu şərh edən Elnur Məmmədlini gördüm, o da şərhçilər kabinetində idi. Olaya gəlincə, bizim ilk qolumuzda elə də reaksiya bidlirmədim. Çünki ona qədər 0:2 geridə olduğumuz üçün əsəbi idim. Amma komandamız hesabı bərabərləşdirəndə "qol, qol" deyə qışqırdım və bu zaman "Rakuv"un mətbuat xidmətinin əməkdaşı mənə yaxınlaşaraq bildirdi ki, bura media sektordu, burda qışqırmaq olmaz. Mən də ona bildirdim ki, bu teatr deyil, stadiondu və sizin jurnalistlər də siz qol vuranda qışqırır. Onlardan fərqli olaraq mən özümü daha sakit aparırdım ki, söz-söhbət olmasın. Daha sonra məndən aşağı oturmağı tələb etdilər. Halbuki mən oyun boyu ayaq üstə dayanmışdım və dayandığım yer də elə idi ki, heç kimin qarşısını kəsmirdim. Yəni məndən arxada heç kim yox idi. Maraqlıdır ki, mənim ayaq üstə durmağım yalnız "qol" qışqırandan sonra bunlarn yadına düşdü. Özlərinə də bunu dedim, amma xeyiri olmadı, dedilər ki, oturmasan, stadiondan çıxardacayıq. Daha sonra mühafizəçiləri çağıdılar və onlar da gəlib məndən oturmağımı tələb etdilər. Yekunda söz-söhbət, problem olmasın deyə, oturdum. Həmin mənə təzyiq göstərən klubun mətbuat xidmətinin əməkdaşı oyundan sonra mətbuat konfransında mikrafon tutmuşdu və sual verən jurnalistlərə təqdim edirdi. Konfransda da bu məsələyə toxundum və Qurban Qurbanova sual ünvanlamamışdan qabaq məsələni orada olanların diqqətinə çatdırdım. Deyim ki, təzyiq tək klubun mətbuat xidməti tərəfindən yox, media sektorda yer alan polşalı jurnalistlər tərəfindən də oldu. Onlar da məni mühasirəyə alıb təzyiq göstərirdilər, itələyirdilər, qışqırmamağımı tələb edirdilər".