Azərbaycanın 3 boksçusu DÇ-nin 1/4 finalında!
- 2021-10-31 23:20
- 608
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilib. Rekord.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.
Boksçumuz Alfonso Dominqes (86 kq) AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanidən sonra rumıniyalı Pol Aradoae ilə qüvvəsini sınayıb. Avropa Oyunlarının qalibi bu dəfə də rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:27, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Görüş noyabrın 2-də baş tutacaq.
Yonas Yazeviçiusi (Litva) mübarizədən kənarlaşdıran Məhəmməd Abdullayev 1/8 finalda Vladan Babiçlə (Serbiya) üz-üzə gəlib. +92 kq çəki dərəcəsində gücünü yoxlayan təmsilçimiz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə aktivinə yazıb. O, noyabrın 2-də təşkil olunacaq 1/4 finalda hindistanlı Narender münasibətinə aydınlıq gətirəcək.
Sərxan Əliyev (71 kq) startda Stefen Nevnsi (Şotlandiya) məğlub etdikdən sonra bu gün Yuta Akiyama (Yaponiya) ilə qüvvəsini sınayıb. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). O da növbəti döyüşünü noyabrın 2-də keçirəcək.
İlk iki döyüşündə müvafiq olaraq Çarles Petit-Homm (Haiti) və italiyalı Simone Spada üzərində qələbə qazanan Tayfur Əliyev (60 kq) üçüncü sınağında Arslan Xatayevlə (Finlandiya) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından idmançımız mundialla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatının səkkizinci günündə yığmamızın daha 2 boksçusu 1/8 final görüşünə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla döyüşəcək.