Azərbaycanda çıxış edən legionerlər arasında 1 klub üçün gəlib, sonradan ölkəmizdə qalıb minimum 4 komandada oynayanlar az deyil. 

​Rekord.az Azərbaycan çempionatında minimum 4 fərqli klubla oynamış legionerləri təqdim edəcək.

Georgi Adamiya - (“Neftçi”, “Bakı”, “Qarabağ”, “İnter”)
 
Adamiya çempionatımızda oynamış ən yaddaqalan gürcü futbolçulardan olduğunu desək, yanılmarıq. 2004-cü ildə “VİT-Corciya”dan ayrılaraq “Neftçi” ilə müqavilə imzalamaq üçün ölkəmizə gəlmiş gürcü 4 ildən sonra “Bakı”ya keçmişdi. “Qarabağ” forması da geyinmiş Adamiyanın Azərbaycandakı son klubu “İnter” olub. Azərbaycanda oynadığı 199 oyunda 61 qola imza atan gürcü ölkəmizi tərk etdikdən sonra Gürcüstana dönərək “Zestafoni” ilə anlaşmışdı. 



Anatoli Doroş - (“Standart”, “Karvan”, “MKT-Araz”, “Olimpik-Şüvəlan”, “Simurq”)

Moldovalı ölkəmizdə 5 fərqli klubda oynayıb. O, hətta 5 fərqli klubun heyətində Azərbaycan çempionatında qol vurmaq rekordunu özündə daşıyır. Polşa çempionatında çıxış etdikdən sonra ilk dəfə 2006-cı ildə “MKT-Araz"a keçən moldovalı bu klubda özünü ən yaxşı tərəfdən göstərdikdən sonra daha 4 dörd Azərbaycan klubunda oynamışdı. Futbolçu son dəfə 2012-ci ildə “Simurq”dan ayrılaraq Azərbaycan macərasına son qoymuşdu. 



Aleksandre Qoqoberişvili – (“Bakı”, “Qarabağ”, “Olimpik”, “Turan”)

Qoqoberişvili “Dinamo”(Tbilisi) və “Anji” kimi komandalarda oynadıqdan sonra “Bakı” ilə anlaşmışdı. “Zolaqlılar”ın heyətində uğurlu mövsümlər keçirən gürcü 2008-ci ildə “Qarabağ”a keçib. "Olimpik”də də oynamış gürcü, “Sioni”də oynayıb ölkəmizə qayıtmışdı. Bu dəfə “Turan”a keçən gürcü komandadan göndərilmişdi.


 

 
Muammer Erdoğdu (“Xəzər Lənkəran”, “Turan”, “Kəpəz”, “Qəbələ”)

2008/2009 mövsümündə “Xəzər Lənkəran”a transfer olunan türkiyəli mövsümün ikinci yarısını “Turan”da keçirmişdi. Tovuz təmsilçisinin heyətində bir neçə il oynadıqdan sonra “Kəpəz”in də şərəfini qorumuş Erdoğdu 2012-ci ildə “Qəbələ” ilə anlaşmışdı. Son vaxtlarda Erdoğdu Türkiyədə həvəskarlar liqasında çıxış edən “Bulvarspor”da oynayır.



Leanardo Roşa – (“Standart”, “İnter”, “Bakı”, “Qarabağ”)

Azərbaycana ilk dəfə Braziliyanın aşağı liqa təmsilçisi “Olariya”dan gələn Roşa “Standart”a keçmişdi. Daha sonra Venesuelaya “Deportivo Lara” ilə müqavilə imzalamış “sambaçı” ardınca “İnter”lə anlaşmışdı. 2009/2010 mövsümündə “bankirlər”in heyətində oynamış Roşa ardınca “Bakı”ya transfer olmuşdu. Aleksandr Starkovs vaxtilə Jaba, Cefferson Anqulo ilə yanaşı Roşanı da komandadan xaric etmişdi. Futbolçu “Qarabağ”ın da formasını geyinməyə macal tapıb. O, 2011-ci ildə Ağdam klubuna keçərək “Qarabağ”ın tarixi ərzində ilk braziliyalısı kimi yadda qalıb. Amma o, 15 oyundan sonra komandadan göndərilmişdi. 2013-cü ildə yenidən “İnter”lə anlaşmış braziliyalı son dəfə Braziliyada aşağı liqada “Nasyonal Atletiko Klub”da oynayıb.




Viktor İbekoye (“Turan”, “Qarabağ”, AZAL, “Zirə”)

Hazırda ABŞ-da yaşayan və klubsuz olan 33 yaşlı futbolçu son dəfə “Nort Karolina”da oynamışdı. “Turan” və “Qarabağ”da hücumçu kimi çıxış etmiş nigeriyalı AZAL və “Zirə” klublarında dayaq yarımmüdafiəçi mövqeyində çıxış etmişdi.



Erik Obidike – (“Şahdağ”, “Neftçi”, “Rəvan”, “Turan”, MOİK, “Şuşa”)

Nigeriyanın yüksək dəstəsində çıxış eləyən “Nigeria Porth Authority” klubundan 2005-ci ildə Azərbaycana gələn müdafiəçi Qusarın “Şahdağ” klubu ilə anlaşmışdı. Qusar klubunda 6 ay oynadıqdan sonra bir ara futbolsuz qalan nigeriyalı növbəti mövsüm “Neftçi  ilə 4 illik müqavilə bağlamışdı. Amma o, birinci divizionda “Neftçi”2-də oynamışdı. Obidike ardınca “Muğan”a icarəyə verilmişdi. “Turan” və MOİK-də də də oynamış futbolçu birinci dəstədə “Şuşa” klubunda da oynayıb.



Sezar Meza Kolli( “İnter”, “Zirə”, “Keşlə”, “Neftçi”)

“Çezena”nın heyətində İtaliya A seriyasında da çıxış etdikdən sonra Azərbaycana gələn 30 yaşlı futbolçu ilk olaraq “İnter”lə anlaşmışdı. Sonradan “Zirə” və “Keşlə”də oynamış paraqvaylı sonradan Rumıniyaya yollanıb. “Universitetya Krayova”da çox qalmadan “Keşlə”yə dönən Sezar yayda “Neftçi”yə transfer oldu.



Sadio Tounkara - ("Xəzər Lənkəran", AZAL, "Zirə", "Keşlə")

İlk dəfə “Xəzər Lənkəran”da oynamaq üçün Malidən ölkəmizə gəlmiş Tounkara 3 ildən sonra Kiprə yollanmışdı. Sonradan AZAL və “Zirə”də oynamış 29 yaşlı yarımmüdafiəçi son illərini “Keşlə”də keçirir. 

sportal.az