
Azərbaycan futbolu monopoliyadan qurtulur?
- 14 İyl 2022 12:00
- 792
İlərdi Azərbaycan futbolunda görmək istədiyimiz daha bir məqam reallaşmaq üzrədir. Hər halda, gələn məlumatlar bu yöndədir. Söhbət dövlətin futbola ayırdığı vəsaitin klublara AFFA-nın yox, yerli icra hakimiyyətlərinin əli ilə çatdırılmasından gedir. "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev də səhv etmirəmsə "Futbol plus"a bununla bağlı açıqlama verib və bildirib ki, bundan sonra "Turan Tovuz", "Kəpəz" və "Şamaxı"ya ayırılacaq pullar AFFA-nın yox, icra hakimiyyətlərinin hesabına köçürüləcək.
Şəxsən mən bunu ən doğru addım hesab edirəm. İllərdi özüm də idman jurnalisti olaraq, bu haqda danışıram, deyirəm, qonaq olduğum efirlərdə səsləndirirəm. Azərbaycan futbolunun AFFA-nın monopolyasından, klubların birbaşa federasiyadan asılılığından qurtulmasının tək yolu budur. Bu addım həm də Azərbaycan futbolunda hər bölgənin öz futbol spesifikasını qaytarmasına yardımçı olacaq. Ən əsası, klublar AFFA-dan asılı olmayacaq. Məsələn, Elxan Məmmədov bir günün içində bu klubun prezidentini o kluba, o klubun prezidentini isə bu kluba dəyiş-düşüy edə bilməyəcək. AFFA hansısa kluba "legioner ala bilmərsən", "filan məşqçi bizi tənqid edir, ona iş verməyin" kimi şərtləri də diqtə edə bilməyəcək. Hər klub təmsil etdiyi bölgənin icra hakimiyyətinə tabe olduğundan eyni yox, fərqli strategiya ortaya qoya biləcək. O başqa məsələ ki, yerli icra hakimiyyətləri futbolu nə dərəcədə bilir, ayrılan pullarda yeyinti olacaq, ya yox, amma bütün bunların fonunda belə, bu sistemin tərəfdarıyam. Pis çıxmasın, guya AFFA-nın təyin etdiyi adamlar, yaxud AFFA-da çalışanların hamısı futbolu bilir ki? Yaxud, illərdi dövlətin milyionları AFFA-nın büdcəsinə axır, yeyinti yoxdur? Biri var həm yeyinti ola, həm monopolya, diktatura, biri də var yeyinti olsa da, cəhənnəm, hər bölgənın ayrı sistemi, strategiyası olacaq. Həm də yerli icra hakimiyyətləri də rəhbər olduqları şəhərlərin, rayonların futbol həyatına biganə qalmayacaqlar, öz aralarında rəqabət mühiti formalaşdıracaqlar. Hər halda, Tovuzun, Gəncənin icra başçıları birdən-birə, durduqları yerdə "Turan Tovuz"un, "Kəpəz"in rəhbərlərini qəbul edib, onların vəziyyəti ilə maraqlanmayıb. Amma təbii ki, dövlət bundan sonra futbol üçün ayıracağı hər qəpiyə nəzarət etməli, onun düzgün xərclənməsini təmin etməlidir. Yoxsa, "alın, pulu AFFA-dan alıb, sizə verirəm, siz yeyin" prinsipi ilə işləsək, təbii, yenə heç bir inkişafdan danışa bilməyəcəyik.
Anar XANLAROV