Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edib.

O, ölkəmizdə idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini, bunun nəticəsində beynəlxalq arenalarda uğurlar qazanıldığını qeyd edib. Vitse-prezident bir neçə gün əvvəl Bolqarıstan paytaxtı Sofiyada başa çatan Avropa çempionatında atletimiz Dadaş Dadaşbəylinin 3 qızıl medalla çempion olduğunu xatırladıb, onun bu qələbəsinin gənc nəsil üçün böyük stimul və nümunə rolunu oynayacağına əminliyini ifadə edib. O, federasiya olaraq ağırlıqqaldırma idman növünü bütün ölkə ərazisində inkişafı üçün lazımi addımlar atıldığını, bundan sonra bu prosesin davam etdiriləcəyini, hazırkı yarışın isə bu işdə növbəti təkan olacağını bildirib.

Yarış açıq elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib. 

Sonda bu il yubileylərini qeyd edən mütəxəssislər – Elxan Süleymanov və Sədrəddin Kazımova AAF-ın fəxri fərmanı və hədiyyələri təqdim edilib.