
"Araz Naxçıvan"ın normal məğlubiyyəti, Dambrauskasın anormal əvəzləməsi
- 11:00
- 91
"Araz Naxçıvan"ın məğlubiyyəti normaldı. Bir həftə əvvəl bu komandanı süni şəkildə göyün 7-ci qatına qaldıranların indi 0:4-ü lağ hədəfinə çevirməsini anlamıram. "Aris" də güclü rəqib idi, ola bilsin "Araz Naxçıvan"a ciddi yanaşmadılar. "Araz Naxçıvan" futbolçularının mübarizə əzminə kölgə salmaq istəmirəm, amma bu cür qələbələr adətən bir dəfə, təsadüfən olur. Belə baxanda "Omoniya" "Aris"dən ciddi şəkildə fərqlənən bir komanda deyil. Aşağı-yuxarı eyni səviyyəli komandalardı. Hətta Yunanıstan futbolu, çempionatı Kiprdən daha üstündür. Buna baxmayara, "Omoniya" elə ilk oyunda çox rahat qələbə qazanmaqla mərhələnin taleyini həll etdi.
O ki qaldı "Sabah"a, "Selye" ilə oyunlardan sonra da demişdim ki, bu komandanın qruplara düşmək perspektivi var. "Petrokub"la oyunlar da bunu sübut etdi. "Levski" güclü komanda olsa da, bizim üçün 2009-cu ildəki qədər qorxulu görünmürdü. Məhz həmin il "Bakı" Çempionlar Liqasının II təsnifat mərhələsində bu komanda ilə düşmüşdü və ilk oyunda Bakıda 0:0 oynasa da səfərdə 0:2 uduzub mübarizəni dayandırmışdı. Baxmayaraq ki, Azərbaycanda futbol bumunun yaşandığı dövr idi, "Bakı" ölkənin ən varlı klublarından idi, heyətində xeyli legioner var idi, amma yenə də "Levski" bizim üçün təhlükəli rəqib kimi görünürdü. İndi artıq aradan 16 il keçib və şəxsən mən "Levski"ni 16 il öncəki kimi təhlükəli görmürəm. Oyun da bunu sübut etdi. "Sabah" bu gün bir qədər cəsarətli oynasa idi, qələbə də qazana bilərdi. Oyunu kim uduzdu? Birmənalı şəkildə Dambrauskas. Yaxşı məşqçidir, amma Sofiyadakı məğlubiyyətin əsas günahkarı odur. 5-li müdafə ilə oynamağı qoyuram qırağa. Çox adam bəzən 5-li müdafiə anlayışını oyunu müdafiədən qurmaq kimi qəbul edir, amma xeyr. Əksər 5-li müdafiələrdə hücum zamanı cinah müdafiəçiləri aktiv şəkildə hücuma çıxır, qol ötürməsi verir, hətta qol vurur. Sistemdə əsas olan baş məşqçinin oyun fəlsəfəsidir. Baş məşqçi ola bilər ki, meydançaya 7 nəfər hücumameylli futbolçu buraxa bilər, amma hamısına arxadan oynamaq tapşırığı verə bilər. Görünən bu idi ki, Dambrauskas oyunu daha çox sürətli əks-hücumlar üzərində qurmuşdu ki, 70-ci dəqiqəyə kimi bu taktika özünü doğuruldurdu. Müdafiədə ciddi səhvlər olmurdu, ön xəttə epizodlar yaradılırdı. Lakin 70-dən sonra hər şeyin sanki hesabın qorunmasına hesablanması işləri korladı. 70-dən sonra "Sabah" futbol oynamadı. Komanda tədricən arxaya oturdu, futbolçular tez-tez lazımız yerə yerə yıxılıb vaxt udmağa başladı. Bunu futbolçulara baş məşqçi tapşırırsa, çox pis. Yox, tapşırmır, amma görə-görə müdaxilə etmirsə, bu, ondan da pis. Xüsusilə əsas vaxta artırılmış 8 dəqiqədə "Sabah" sanki yola verirdi ki, oyunu 0:0 bitirsin. Bu fəlsəfədə oynayan komandalar isə son saniyədə də olsa, cəzalanır, dünya futbolunda dəfələrlə təsdiqini tapmış fakdır. Bunları da qoyuram qırağa, son dəqiqədə edilən iki əvəzləmənin açmasını tapa bilmirəm, nəyə lazım idi o əvəzləmələr, nəyə hesablanmışdı? Məsələ heç həmin futbolçuların yerli olması ilə də bağlı deyil. Hər əvəzləmənin taktiki və məcburi səbəbi olur. Ya taktiki gedişə hesablanır, ya da kimsə zədələnib davam edə bilmir və məcburi əvəzləməyə gedirsən. Meydançadan çıxan futbolçular zədəli deyildi. Taktiki əvəzləməyə də ehtiyac yox idi. Rəqib ard-arda künc zərbələri vurur, sən də iki bəstəboy futbolçunu meydançaya buraxırsan. Və həmin futbolçular da meydançaya daxil olan kimi künc zərbəsindən qol buraxırsan...
Anar XANLAROV