
Anatoli Banişevskinin ailəsi “Neftçi”nin qonağı oldu
- 18:00
- 31
Əfsanəvi futbolçu Anatoli Banişevskinin ailə üzvləri – həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və veteran hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində “Neftçi”nin qonağı olublar.
Rekord.az xəbər verir ki, qonaqları “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer qəbul edib.
Klub rəhbəri mərhum futbolçunun ailəsinə üzərində Anatoli Banişevskinin soyadı və “9” rəqəmi olan xatirə forması hədiyyə edib. Görüşdə gələn il fevralın 23-də 80 illik yubileyi olacaq Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq, klub tərəfindən planlaşdırılan tədbirlərlə bağlı ailəsinə məlumat verilib.
Qeyd edək ki, əfsanəvi futbolçunun ailə üzvləri avqustun 16-da keçirilmiş “Neftçi” – “Şamaxı” matçına klub tərəfindən dəvət alsalar da, şəxsi işləri ilə əlaqədar stadiona gələ bilməmişdilər.