Məlum olduğu kimi, AFFA-nın və Futbolun İnkişafı Fondunun (FİF) nümayəndələri Xaçmaz rayonuna səfər edib. Səfər çərçivəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə AFFA-nın İnfrastruktur üzrə direktoru Fuad Cəfərov, FİF-in icraçı direktoru Tural Piriyev, "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və üzvü İxtiyar Asyabi arasında görüş baş tutub. Görüş zamanı ASCO-nun dəstəyi ilə Xaçmazda inşasına başlanılan stadionlara da baş çəkilib. Stadionların tikilməsində əsas məqsəd "Səbail” PFK-nın Akademiyasının təlim-məşq bazasının yaradılması, uşaq futbolunun inkişaf etdirilməsi üçün müasir tələblərə cavab verən infrastrukturun müvafiq yaş qruplarına aid komandaların istifadəsinə verilməsidir

Rekord.az-a ötürülən başqa bir məlumata görə isə AFFA-nın bu səfərdə əsas məqsədi gələcəklə bağlı müəyyən planlarının olmasıdır.

Belə ki, federasiya 2025-ci ildən “Səbail”i Xaçmaza köçürmək istəyir. Hazırkı hazırlıqlar da buna hesablanıb. Hətta iddialara görə, gələcəkdən komandanın baş məşqçi postunun Mirbağır İsayevə tapşırılması da nəzərdə tutulub.