AFFA-nın heçə saydığı dəyərlər
- 2020-09-25 13:42
- 1943
Azərbaycan futbolunda dəyər tapmaq çox çətin məsələdi. Çünki futbolumuzun başında dayananlar, AFFA-nın “boz bina”sında oturub futbol təsərrüfatını idarə edənlər onu dəyərsizləşdiriblər. Mən iddia edə bilmərəm ki, bizim futbol əvvəllər yüksək səviyyədə olub, dünyaya meydan oxumuşuq. Amma ən azından öyünməyə nəyimizsə, kimimizlə olub, dost-düşmən yanında başımızı aşağı dikməmişik. Bizim Tofiq Bəhramovumuz, Anatoli Banişevskimiz, Ələkbər Məmmədovumuz, Nazim Süleymanovumuz, Vəli Qasımovumuz, Arif Əsədovumuz, Sergey Kramarenkomuz olub. Bu adamlar təkcə sovet respublikalarının hüdudlarında yox, dünyada Azərbaycanı və azərbaycanlıları tanıdırıblar. Müxtəlif zamanlarda onların davamçıları yetişib, sabaha olan ümidləri ölməyə qoymayıb. AFFA-nın apardığı “uğurlu” siyasət sayəsində indi bu proses də dayanıb. Ən pisi odu ki, sabaha olan ümidlərimiz ölməyə başlayıb.
Veteranlarımız pulsuzluq, səfalət içində dünyalarını dəyişir. Əksəriyyəti ömrünün son günlərini işsiz və pulsuz, kirayə evlərin divarları arasında keçirirlər. De Byaziyə, Foqtsa, Prosineçkiyə, Yurçeviçə, Üstə, Ştuxlikə, Obradoviçə verilən milyonlardan 5-10 manat onlara ayrılmır. Ayırmırlar ki, ömrünü Azərbaycan futboluna fəda edənlər, bu yolda zədələnənlər, xəstəlik tapanlar bu işıqlı dünyada gün görsünlər, heç olmasa öləndə gözləri arxada qalmasın. İstədikləri milyonlar deyil. Normal iş, futbol təsərrüfatında saya salınmaq, öz bildiklərini başqalarına öyrətmək şansı, vəssalam. Bunu da onlara çox görürlər. İstəyirlər ki, bu ölkənin futbolunda Azərbaycan adına heç nə qalmasın, damarında xalis azərbaycanlı qanı axanları kənarlaşdırıb, öz bazarlarını genişləndirsinlər. Əl-ayaqlarına dolaşan olmasın.
İnsanları dəyərdən salıb, Azərbaycan futbolunun tarixinə girişiblər. İndi həmin tarixin səhifələrini silməklə məşğuldular. Yəqin sizin də xəbəriniz var. Xəbərsiz olanlar üçün qeyd edim, onlar da bilsinlər. “Futbol+” qəzetində çalışan həmkarlarımız bu günlərdə biabırçı bir faktın üstünü açıblar. 2010-cu ilin iyununda Moldovada yerli futbol federasiyasının təşkilatçılığı ilə U-17 milliləri arasında beynəlxalq turnir keçirilib. Yarış 5 gün davam edib və Azərbaycanın U-17 millisi də həmin turnirin iştirakçıları arasında olub. Məlum məsələdi ki, Azərbaycandan gedən nümayəndə heyətinin ora yollanması, məskunlaşması, qidalanması əməlli-başlı xərc tələb edirmiş. “Otkat” məsələləri yaxşı bacaran işbazların birinin üstünə beşini qoyub, bu səfərdən qazanc götürməsi də heç şübhəsizdi. Almaniyalı mütəxəssis Oliver Pilzerin çalışdırdığı millimiz səkkiz iştirakçı arasında 4-cü olmağı bacarıb. Qrup mərhələlərində sonuncu və yaxud da sonuncudan əvvəlki olmağa adət etdiyimizdən səkkiz komanda arasında 4-cü yeri tutmağımız bizim üçün uğur sayıla bilər. Hələ bu uğura görə komandamıza kubok da təqdim olunub.
Bura qədər hər şey yaxşıdı. Məsələnin biabırçı tərəfi odu ki, milli komandamıza Moldovada təqdim olunan həmin o kubok bu yaxınlarda hərracda satılıb. Özü də cəmi 25 manata! Futbolda tək-tük uğuru olan ölkəyik. Belədə AFFA-da oturanlar deyə də bilməzlər ki, hər gün kubok qazanırıq, olmasın onlardan biri. Özü də 2010-cu ildə AFFA-ya elə indi kürsüdə oturanlar rəhbərlik edirdi. Deməli, ortada böyük məsuliyyətsizlik, laqeydlik var. O qədər böyük ki, cinayətə bərabər. Ölkənin millisi bir ətək xərc qarşılığında Moldovaya gedib, orda kubok qazanıb və həmin kubok 10 ildən sonra hərracda iki kilo ətin qiymətinə satılıb. Səbəbkarlara ayıb olsun!