AFFA-dan növbəti vebinar
- 19:30
- 31
AFFA tərəfindən "Futbolda istedadların aşkarlanması və oyunçu seçimi" mövzusunda vebinar keçirilib.
Rekord.az quruma istinadən xəbər verir ki, tədbirdə Bakı və regionlardan olan məşqçilər, akademiya və klub nümayəndələri, eləcə də fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Vebinar İtaliyada futbolda istedadların müəyyənləşdirilməsi və skautinq sahəsində fəaliyyət göstərən Kamran Şahverdiyev tərəfindən təqdim olunub. Təlimçi istedadların aşkarlanması, oyunçu seçimi və inkişafı sahəsində əldə etdiyi təcrübəni iştirakçılarla bölüşüb, müasir yanaşmalar barədə məlumat verib.
Onlayn seminar zamanı istedadlı oyunçuların müəyyənləşdirilməsi və inkişaf etdirilməsi, oyunçuların texniki, taktiki, fiziki və psixoloji göstəricilər əsasında qiymətləndirilməsi, skautinq prosesinin əsas mərhələləri, məlumatların təhlili və müasir skautinq vasitələrindən istifadə mövzuları müzakirə olunub.
İnteraktiv müzakirələr zamanı iştirakçılar Azərbaycanda istedadların aşkarlanması, oyunçu seçimi və inkişafı sahəsində qarşılaşdıqları çətinlikləri bölüşüb, klub və akademiyalarda tətbiq olunan yanaşmalar, eləcə də beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
İştirakçılar vebinarı yüksək qiymətləndirərək gələcəkdə mövzu üzrə beynəlxalq təcrübədən daha geniş şəkildə yararlanacaqlarını bildiriblər.
AFFA futbol mütəxəssisləri üçün aktual mövzular üzrə öyrənmə və inkişaf imkanları təşkil etməyə davam edəcək.