ABF rəhbərliyi DÇ-dən öncə milli üzvləri ilə görüşdü
- 13:40
- 25
Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatı öncəsi kişilərdən ibarət milli üzvləri ilə görüşüb.
Rekord.az ABF-yə istinadən xəbər verir ki, federasiya prezidentinin müşaviri Samir Hüseynov mundialın mahiyyətindən danışıb və boksçuların hər birindən yüksək nəticə gözlənildiyini vurğulayıb.
Komandanın durumu ilə maraqlanan və tövsiyələrini verən S.Hüseynov bu yarışla Azərbaycan çempionatının yekununa əsasən 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları üçün heyətin formalaşacağını qeyd edib.
ABF-in baş katibi Nağı Səfərov və İdarə Heyətinin üzvü Rövşən Hüseynov boksçuları məsuliyyətlərini dərk etməyə çağırıb, onlara uğurlar arzulayıb.
Ardınca millinin baş məşqçisi Ravşan Xocayevin hesabatı dinlənilib. O, komandanın dünya çempionatına hazır olduğunu və boksçularının əhval-ruhiyyəsinin yüksək olduğunu deyib.
Dekabrın 3-dən 13-nə qədər keçiriləcək dünya çempionatında Azərbaycan 11 boksçu ilə təmsil olunacaq.