"Aberdin"in futbolçusu Conni Heys Şotlandiya mətbuatına müsahibə verib.

Rekord.az xəbər verir ki, Şotlandiyanın "The press and journal" nəşrinə danışan 35 yaşlı futbolçu karyerasında mənfi iz qoyan meydançalar barədə də fikrini bildirib.

Bu zaman irland futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunun ot ortüyündən də narazılıq edib.

O, bir müddət əvvəl Qlazqodakı "Hempden Park" stadionunda oynadığını xatırladaraq deyib: "Bura mənim indiyədək oynadığım ən pis üç meydandan biri idi. Buna bənzər meydanda səfərdə "Qarabağ"a qarşı da oynamışıq. Meydanın vəziyyəti çox pis idi. "Hempden" də mənim oynadığım ən pis meydanlardan biri idi. Amma hazırda Şotlandiyada yanvar ayıdır və mən vəziyyəti realist olaraq qiymətləndirirəm".

Xatırladaq ki, "Qarabağ"la "Aberdin" 2021-ci ildə Konfrans Liqasının ikinci təsnifat mərhələsində qarşılaşıblar. Ağdam təmsilçisi səfərdə 3:1, Bakıda isə 1:0 hesablı qələbə qazanıb.