Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”na üzv təyin edilib.


Rekord.az xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Firdovsi Umudovun bu vəzifəyə seçilməsi Azərbaycan ağırlıqqaldırma idmanı tarixində ilkdir.


Təyinatla bağlı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından AAF-a rəsmi təbrik məktubu daxil olub. 08.07.2025-ci il tarixində IWF prezidenti Məhəmməd Calud tərəfindən ünvanlanan məktubda deyilir: 


“Hörmətli cənab Umudov, IWF “Məsləhət Qrupu”nun üzvü təyin olunmağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirik. Bu mühüm vəzifəyə seçilməyiniz təcrübəniz, fədakarlığınız və ağırlıqqaldırma idmanına verdiyiniz töhfələrin sübutudur. Əminik ki, sizin fikir və məsləhətləriniz “İcraiyyə Şurası”nın fəaliyyətinə dəstək olacaq, IWF-in strateji məqsədlərinin inkişafına böyük dəyər verəcəkdir.


İdmanımızın və onun qlobal icmasının gücləndirilməsində davamlı liderliyinizi və əməkdaşlığınızı gözləyirik. Bu mühüm vəzifədə sizə uğurlar arzulayırıq.


Bir daha sizi layiqli təyinatınız münasibətilə təbrik edirəm.


Hörmətlə, İWF prezidenti Məhəmməd Calud!”


Qeyd edək ki, İWF-ə üzv olan 200-dən artıq ölkənin federasiya nümayəndəsi arasından “Məsləhət Qrupu”na AAF rəsmisinin seçilməsi ölkə idmanımız üçün böyük nailiyyətdir. Belə ki, buna qədər ölkəmiz Avropa və Dünya Ağırlıqqaldırma Federasiyalarının rəsmi strukturunda heç bir nümayəndə ilə təmsil olunmamışdı. 

Qeyd edək ki, Firdovsi Umudov idman sahəsində əldə olunan böyük uğur və nailiyyətlərə görə, 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və 2016-cı ildə "Tərəqqi" medalı ilə təltif edilib. Firdovsi Umudov 2022-ci ildə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb. 


Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi Firdovsi Umudov 2009, 2012, 2015-ci illərdə Azərbaycanda ilin məşqçisi seçilib. Təcrübəli mütəxəssis 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilən ilk azərbaycanlı kimi adını idman tariximizə yazdırıb. 


Firdovsi Umudov 28 sentyabr 2023-cü il tarixindən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir. O, eyni zamanda “Sərhədçi İdman Mərkəzi”nin, İdman bölməsinin rəisidir.