
30 il əvvəl keçirilən tarixi oyuna səyahət: Azərbaycan millisi niyə Lənkəran "Xəzər"ini seçdi? VİDEO
- 12 Sen 2022 17:00
- 2015
Çoxları futbol üzrə Azərbaycan millisinin ilk rəsmi matçı kimi 1992-ci ilin 17 sentyabrını qəbul edir. Belə ki, millimiz həmin tarixdə ilk rəsmi oyununu keçirib və Gürcüstanda bu ölkənin millisinə 3:6 hesabı ilə uduzub. 1993-cü ildə Gəncədə keçirilən revanş matçında isə Emin Ağayevin yeganə qolu ilə qələbə qazanıb. Lakin çoxları bilmir ki, əslində millimiz ilk oyununu heç də gürcülərə qarşı keçirməyib. Belə ki, qeyri-rəsmi olsa da, Azərbaycan millisi ilk matçını Lənkəranda yerli “Xəzər”ə qarşı oynayıb. 1992-ci ilin yayında baş tutan oyun 1:1 hesabı ilə yekunlaşıb. Millinin heyətində Şahin Diniyev hesabı açsa da, ikinci hissədə “Xəzər” Hidayət Məmmədovun cərimə zərbəsindən vurduğu mükəmməl qolla hesabı bərabərləşdirib və oyun elə bu hesabla da başa çatıb. Üstündən 30 il vaxt keçməsinə baxmayaraq, çoxları bu oyunu xatırlamır, haqqında danışmır, yazmır. Biz araşdıraq, yazaq dedik. Necə oldu ki, milli komanda bir bölgə klubu ilə oynayası oldu, ümumiyyətlə, bu ideya kim tərəfindən ortaya çıxmışdı, bu oyunu kim təşkil etmişdi və s.
Suallarımızı həmin dönəm Lənkəran “Xəzər”inin prezidenti olmuş Sakin Məmmədzadəyə ünvanladıq. Məmmədzadə ilk olaraq ol dövrün Lənkəran futbolu və “Xəzər” haqda danışdı: “Həmin vaxtlar ilk milli çempionat ərəfəsində idik. Düzdür, çempionatda iştirak edəcək komandaların siyahısı demək olar ki, tam hazır idi. Hətta təqvim də hazırlanmışdı. “Xəzər” o siyahıda yox idi. Çünki SSRİ dağılandan sonra maddi sıxıntılar ucbatından Lənkəran komandası da dağılmışdı, uşaqların əksəriyyəti başqa klublara keçmişdilər. Mən özüm peşəkar boksla məşğul olmuşam. Stadiona tez-tez gedib gəlirdim, məşq eliyirdim, qaçırdım. Özüm də o dövr xalq hərəkatının fəallarından olmuşam, Azərbaycan Xalq Cəbhəsinin Lənkəran bölməsinin idarə heyətinin üzvü idim. Bu məsələ ilə bağlı Lənkəran şöbəsində yığışanda bu məsələni də qaldırdım ki, komanda yığıb çempionata qatılmaq lazımdır. AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevlə də danışdıq ki, bəs biz çempionatda oynamalıyıq. O da sağ olsun, demişdi ki, lazım olan köməyi edəcəm. SSRİ dağılsa da müəyyən fabrik zavod idarə və təşkilatlar fəaliyyət göstərirdi. Onların sayəsində maliyyə əldə edib “Xəzər” komandasını yaratdıq. “Xəzər Lənkəran” yox, sırf “Xəzər” adı ilə. Ondan sonra çempionata qatıldıq. Səhv etmirəmsə, Naxçıvanın “Badamlı” komandası var idi, onların çempionatda iştirakı təsdiqlənmişdi. Hətta onların adına afişalar da hazırlanmışdı. Sonradan hansısa səbəbdən onlar imtina elədi və yerinə bizi buraxdılar. İlk vaxtlar çətinliklər var idi, hərə bir forma geyinirdi, lakin qısa zamanda bu problemi də həll etdik, hətta deyərdim ki, ilk dəfə ağ-yaşıl formanı da biz o vaxt gedib İrandan alıb gətirmişdik. Düzdür, çempionata uğurlu start vermədik, Sumqayıtda yerli “Xəzər”ə böyük hesabla uduzduq. Amma sonradan tədricən toparlana bildik. Heyəti də demək olar ki, yerli futbolçulardan qurmuşduq”.
Daha sonra Sakin bəy məlum oyunun baş tutması haqda danışdı: “O ki qaldı milli ilə oyunun təşkilinə, təşəbbüs AFFA tərəfindən gəlmişdi. Həmin vaxt milli komanda İranda keçirilən beynəlxalq turnirdə iştirak etməli idi. Orada 7-8 komandanln iştirakı ilə turnir keçiriləcəkdi. Millidə də vəziyyət yaxşı deyildi. Yeni müstəqillik qazanmışdıq, milli komanda da sıfırdan yığılmışdı, maddi-texniki problemlər var idi. Bundan başqa, oyun praktikası sarıdan da əziyyət çəkirdilər. Məhz buna görə də yolüstü bizimlə oynamaq istəyirdilər ki, İrana oyun praktikası ilə də yollansınlar. Təklif gəldi və biz də qəbul etdik, üstəlik, əlimizdən gələn səviyyədə çalışdı ki, hər şey yüksək səviyyədə olsun. Rayon rəhbərliyi səviyyəsində milli komandanın Lənkəranda qalmaq və yemək xərclərini də öz üzərimizə götürdük, hətta onları İrana qədər müşayət edib, yola saldıq. Özü də sizə deyim ki, yoldaşlıq xarakterli görüş olsa da, meydanşada əsl mübarizə getdi. Yəni öncədən razılaşdırılmış nəticə yox idi. Milli komandada da ölkə futbolunun qaymaqları forma geyinirdi. Oyun 1:1 başa çatmışdı. Milli komanda hesabı açsa da, ikinci hissədə Hidayət Məmmədov cərimə zərbəsindən mükəmməl zərbə ilə hesabı bərabərləşdirmişdi. Ümumiyyətlə, gözəl kollektiv formalaşdırmışdıq. Təəssüf ki, əksəriyyəti hazırda futbolda yox, digər sahələrdə çalışır. Onu da deyim ki, oyuna azarkeş marağı da böyük idi. Baxmayaraq ki, stadion tam ideal vəziyyətdə deyildi, bəzi tribunalarda təmir gedirdi, amma stadiona kifayət qədər azarkeş toplaşmışdı. Oyunu da həm AFFA-nın, həm də rayonun rəhbər şəxsləri izləmişdi. Onu da deyim ki, bu oyun milli komandanın ilk yoldaşlıq görüşü idi. Qeyd etdiyim kimi, yeni formalaşmış milli idi, ilk yoldaşlıq görüşlərini də məhz Lənkəran “Xəzər”i ilə keçirmişdilər”.
Həmsöhbətimiz sonda bildirdi ki, köhnə futbol veteranlarını yenidən bir araya toplayıb əlaqələri bərpa etməyi düşünürlər: “Mən özüm hazırda Cənub Regional Futbol Federasiyasına rəhbərlik edirəm. Peşəkar liqalarda təmsilçimiz olmasa da, AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarında “Xəzər-92” və “Zirvə” adı altında iki komandamız çıxış edir. Sağ olsunlar, hansısa məsələ ilə bağlı AFFA-ya nə vaxt müraciət edirik, kömək edirlər. Köhnə futbolçuları, futbol veteranlarını da yenidən bir araya gətirmək istəyirik. Hətta istəyirik ki, veteranlar arasında futbol liqası da təşkil edək. Bacardıqca çalışırıq ki, Lənkəranda futbolu yaşadaq”.
Sonda tarixin yoldaşlıq matçının heyətlərini təqdim edirik:
Azərbaycan milli komandası: Elxan Həsənov (Neftçi), Faiq Cabbarov (Kəpəz), Elşad Əhmədov (Qarabag), Arif Əsədov (Neftçi), Zaur Qarayev (Qarabag), Emin Agayev ("Anji" Mahaçkala"), Şahin Diniyev ("Terek" Qrozni), Ruslan Burayev ("Dinamo" Minsk), Vidadi Rzayev ("Terek" Qrozni), Ceyhun Tanriverdiyev ("Kəpəz"), Samir Ələkbərov ("Neftci"), Yaşar Vahabzadə ("Neftçi"), Məqsəd Yaqubəliyev, Qurban Qurbanov ("Daşqın"), Muşviq Huseynov ("Qarabağ") Nazim Əliyev ("Xəzər" Sumqayıt), Cəmaləddin Əliyev ("Qarabağ")
Baş məşqçi: Ələkbər Məmmədov
Məşqçi: Agasəlim Mircavadov
"Xəzər"Lənkəran" : İbrahim Məcidov, Mehman Rzayev, Məhərrəm Bagırov, Mircalal Əliyev, Əlihuseyn Rəhimov, İqbal Babayev, Şirzad Quliyev, Cavanşir Cavadov, Hidayət Məmmədov, Nurəli Əsədov, Valeh Zohrabov, Elşad Rzayev, Əfqan Kərimov, Mubariz Məmmədov.
Baş məşqçi: Agadadaş Həmidov
Klubun prezidenti: Sakin Məmmədzadə
Hazırladı: Anar XANLAROV