
3 dövrəli sistem nə dərəcədə ədalətlidi?
- 31 İyl 2023 11:00
- 1052
Məlum olduğu kimi, yeni mövsümdə I Liqada 10 komanda mübarizə aparacaq. Lakin maraqlıdır ki, Premyer Liqa ilə müqayisədə bu liqada oyunar 4 yox, 3 dövrədən ibarət olacaq. Bunun əsas səbəblərindən biri də maddi durumla bağlıdır.
Çünki 4 dövrə 36 tur deməkdir. Bunun da tən yarısı səfər oyunlarının payına düşür. Bu mənada PFL çempionatı 3 dövrədən ibarət etməklə 9 tura qənaət və daha az maliyyə israfı kimi baxır. İlk baxışdan hər şey normal görünür. Lakin bir məsələ var. 3 dövrəli çempionat olanda istənilən halda püşk və bəxt amili önə çıxır. Yəni hansısa komandanın bəxt üzübə gülməyə bilər və o mövsüm ərzində bir komanda ilə oyunda iki dəfə səfərə çıxa bilər. Həmin komanda büdcəsi zəif olan komanda da ola bilər. Deyək ki, PFL əlavə sponsoru, maddi gəliri olmayan "Zaqatala"nı, "Qaradağ Lökbatan"ı düşünüb çempionatı 4 dövrə yox, 3 dövrə düşünür, oyun sayını 36-dan 27-ə salır. Amma sabah püşk atılır və məlum olur ki, maddi durumu zəif olan "Zaqatala", "Qaradağ Lökbatan" ilk dövrəyə səfərdə başlayacaqlar, amma kifayət qədər yaxşı maliyyə dayaqlarına sahib "İrəvan", "Karvan" evdə. Bu avtomatik olaraq o deməkdir ki, "Zaqatala" və "Qaradağ Lökbatan" mövsüm ərzində daha çox səfərə çıxacaq, "İrəvan" və "Karvan" isə evdə daha çox oyun keçirəcək. Bu isə o anlama gəlir ki, PFL-in maddi durumunu düşünüb kömək etmək istədiyi komandalar əksinə, əlavə xərcə düşmüş olacaq. Yəni sözümün canı odur ki, maddi durumu zəif olan klubları düşünüb çempionatı 3 dövrə eləmək o demək deyil ki, həmin komandalara kömək edilir. Püşk sabah əksini də elə bilər. Sual oluna bilər ki, alternativin nədir?
İki alternativim var. Əgər çempionatı sırf 3 dövrədən ibarət keçirmək istəyiriksə, o zaman 3-cü dövrənin oyunlarını neytral meydançalarda keçirmək lazımdır. Başa düşürəm, bəlkə də ideal variant deyil, bizdə PFL-in standardlarına cavab verən yetəri qədər neytral meydança varmı, bunun özü ayrı söhbətin mövzusudur, o meydançalar tapılsa belə, həmin neytral oyunları təşkil etmək özü ayrıca əziyyət, işçi qüvvəsi tələb edir. Ki, bu da PFL-n yükünü artırır. Sadəcə, 3 dövrəli sistemdə idman və maliyyə prinsipi baxımından balansı qorumaq üçün başqa variant yoxdur. İlk iki dövrədə hər komanda bir dəfə evdə, bir dəfə səfərdə oynayır. 3-cü dövrədə deyək ki, "İrəvan"la "Zaqatala "qarşılaşmalıdır, oyun təyin olunur Qəbələyə. İkisi də gedib Qəbələdə üz-üzə gəlir, həm idman prinsipi baxımından kiminsə haqqı tapdalanmır, həm də maddi baxımdan kimsə daha çox xərcə düşmür. Amma hazırkı reqlamentlə bu iki komanda ilk turda Bakıda üz-üzə gələsi olsa, bu, o demək olacaq ki, maddi cəhətdən ciddi sıxıntı yaşayan "Zaqatala" mövsüm ərzində iki dəfə Zaqataladan "ASK Arena"ya gəlməli olacaq. Bu da onlara ikiqat maddi zərbə olacaq.
İkinci alternativ variantım, ümumiyyətlə, 3 dövrəli sistemdən imtinadır. Kİ, bu da artıq real görünmür. Amma öncədən çempionatı iki mərhələdən ibarət təşkil etmək daha münasib olardı. İlk mərhələdə komandalar iki dövrədən ibarət sistemdə mübarizə aparardı. Bu edəcəkdi 18 tur. Bundan sonra ilk beş yeri tutan komanda Premyer Liqaya vəsiqə uğurunda, ikinci beş yeri tutan komanda isə I liqada qalmaq uğurunda mübarizə aparacaqdı. Bu isə əlavə daha 8 tur edəcəkdi. Yekunda PFL mövsümü 26 turla yekunaşdıracaqdı. İndiki halda nəzərdə tutulan 27 turdan da daha az turla. Əvəzində klublar arasında idman mübarizəsi və maliyyə xərci baxımından da balans qorunmuş olardı.
Məsələyə PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevdən də münasibət öyrəndik. Bizimlə söhbətində qurum rəsmisisi bu fikirləri söylədi:
"Öncə onu deyim ki, qurum olaraq hər zaman sağlam tənqidə, təkliflərə açığıq. Təbii ki, fikirlər müxtəlifdi, hər kəsin də fikirlərinə hörmətlə yanaşırıq. Bütün komandaları da eyni anda razı salmaq mümkün deyil. Xüsusilə də futbolda. Amma bir məsələ var ki, hələ püşkatma keçirilməyib, təqvim də məlum deyil. Təbii ki, püşk atılandan sonra nəyisə dəyişmək mümkün olmayacaq. Tək I liqa yox, II liqa ilə bağlı da müəyyən fikirlər var ki, iki dövrə azdı, daha çox oyun olmalı idi, bunu da başa düşürük. Amma bir şeyi də nəzərə alaq ki, bu il dəyişikliklər çox oldu. Əvəzediiclər I Diviziondan ayırıldı, ilk dəfə II liqa təşkil olundu. Buna görə də bir qədər tələsmək lazım deyil. Biz də baxacayıq, hansı problemlər var, onları aradan qaldırmağa çalışacayıq. Bu mövsüm bir növü sınaq mövsümüdü. Konkret mövzuya gəlincə, səmimi etiraf edim ki, 3 dövrəli sistem heç də uğurlu bir sistem deyil. Məsələn Avtsriyada 12 komandalı çempionat idi 3 dövrə keçirirdilər. Amma son iki ildir ki, onlar da bundan imtina edib "altılıq" sisteminə keçib. Neytral stadion məsələsi bizim üçün çətin olar. Çünki stadion sahibinin biri stadionu verəcək, biri verməyəcək, lap versə belə, oyunu təşkil etmək yükü yenə böyük ölçüdə bizim çiynimizə düşəcək, bizim də o qədər işçi qüvvəmiz yoxdur ki, bir dövrə o qədər neytral oyun təşkil edək. Ona görə, bir qədər səbrli olaq, növbəti mövsümdən siz də iradlarınızı, təkliflərinizi bildirərsiniz, biz də onları nəzərə alıb birlikdə daha ideal, daha uyğun reqlamentlə oyunları təşkil edərik. İndiki məqamda sevindirici odur ki, liqa sayı artıb, komanda sayı artıb, bölgə komanlarının sayı artıb, futbolçular işsiz qalmayacaq. Düşünürəm ki, bu mənada qarşıda bizi maraqlı mövsüm gözləyir".
Anar XANLAROV