Konfrans Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Aşdod" oyunundan öncə yerli azarkeşlər UEFA-nın qadağası ilə üzləşib. Belə ki, "Qarabağ"ın ən böyük azarkeş qrupu olan "İmarət Tayfa" yerləşdikləri ikinci sektorda Vətən Müharibəsində şəhid olan qəhrəmanlarla bağlı pankart açmağı planlaşdırıblarmış. Məsələ ilə bağlı "Qarabağ" rəsmiləri son ana kimi UEFA-dan razılıq almağa çalışsalar da bu istək mümkün olmayıb. Görüşün başlamasına cəmi 10 dəqiqə qalmış UEFA nümayəndəsi "belə plakatın futbolla heç bir əlaqəsi yoxdur" deyərək qəti şəkildə klub rəsmilərinə rədd cavabı veriblər. Bu, artıq UEFA tərəfindən aparılan ikiüzlü siyasətdir. Niyə?

 

2 gün öncə İrəvanda Çempionlar Liqasının II təsnifat mərhələsinin "Alaşkert" - "Şerif" matçı keçirildi və həmin oyunda ermənilər stadiondan qondarma Artsax bayrağını asmışdılar. Hansı ki, belə bir "dövlət"i heç bir ölkə, o cümlədən, UEFA özü də tanımır. Əksinə, bu "dövlət" bir neçə il bundan qabaq Xankəndidə özü kimi qondarma "dövlətlər"in futbol çempionatını təşkil etmişdi. Hansı ki, bu çempionat birbaşa UEFA-ya qarşı təxribat idi. İndi sual yaranır: necə olur ki, UEFA özünün də tanımadığı qondarma əski parçasının hansısa ÇL matçında stadiondan asılmasına göz yumur, amma Azərbaycanın öz suveren əraziləri uğurunda şəhid olan qəhrəman oğullarının plakatlarının stadionda olmasını qadağan edir? Budurmu Avropa demokratiyası, budurmu Avropanın insan haqqları? 

 

Şübhəsiz ki, bu məsələdə birbaşa günahkar və məsuliyyət daşıyacaq şəxslərin başında AFFA rəhbərliyi durur. Çünki bu, ilk belə hal deyil. Hələ Dünya çempionatının seçmə mərhələ oyunlarında da ermənilər İrəvanda qondarma əski parçasını asmışdılar. Özü də iki dəfə. Amma çox təəssüf ki, AFFA rəhbərliyi nə həmin zaman, nə də bu dəfəki təxribat zamanı gərəkən addımı atmadı. Əksinə, susmağa üstünlük verdilər. Ola bilsin, həmin əski parçası onlara xoş gəlir, onu deyə bilmərəm, amma bildiyim odur ki, ortada Azərbaycana, onun dövlətçiliyinə, ərazi bütövlüyünə qarşı böyük təxribat var və AFFA rəhbərliyi də bu təxribatı görməzdən gəlir. Məgər UEFA-ya rəsmi şəkildə müraciət edib, məsələnin məğzini onlara izah etmək və  o əksi parçasının Ermənistandakı beynəlxalq oyunlar zamanı stadiona buraxılmamasına nail olmaq bu qədər çətindir? Halbuki bu məsələnin üstünə düşüb Ermənistan Futbol Federasiyasına, eləcə də "Alaşkert" klubuna qarşı ağır sanksiyalara da nail olmaq olar. Yoxsa AFFA ancaq pul yardımı almaq lazım gələndə UEFA-ya ağız açır?...

 

Anar XANLAROV