“Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov Şimali Makedoniya Futbol Federasiyasının təşkilatçılığı ilə Skopye şəhərində keçirilən UEFA-nın fitnes üzrə A kateqoriyalı məşqçi kursunda təlimatçı kimi iştirak edib.


Rekord.az xəbər verir ki, onun təlim keçdiyi seminara 15 ölkədən məşqçilər qatılıblar.


Çakarov məşqçilərə təlimlər keçib, meydanda hazırlıq prosesini nümayiş etdirib. O, “Qarabağ”dakı iş prosesi ilə bağlı təqdimatla çıxış edib, sualları cavablandırıb. Kursa qatılan məşqçilər komandamızın həftəlik hazırlıq tsikli və fiziki hazırlıq prosesi ilə yaxından maraqlanıblar, bu mövzuda fikir mübadilələri aparılıb.

Bolqarıstanlı məşqçilər komandamızın hazırlıq prosesi ilə maraqlanması təsadüfi deyil. Ardıcıl 11 il avrokubokların əsas mərhələsində çıxış edən “Qarabağ” bir çox Avropa ölkələrində marağa səbəb olub.


Bunun nəticəsidir ki, müxtəlif ölkələrdən olan mütəxəssislər baş məşqçimiz Qurban Qurbanov və texniki heyətin iş prinsipləri ilə yaxından tanış olmaq üçün komandamızın bazasında təcrübə keçiblər. Qazaxıstan millisinin hazırkı baş məşqçisi Əli Əliyev və həmyerliləri İqor Soloşenko, Rinat Alyuetov, həmçinin Polşanın "Veçista" klubunun baş məşqçisi Dariuş Marzek, onun köməkçisi Yanusz Svierad və digər mütəxəssislər müxtəlif vaxtlarda komandamızın hazırlıq prosesində iştirak ediblər.