
Basketbolumuzda inkişafın imitasiyası
- 11:57
- 178
İmitasiya sözünün mənası bir şeyin bənzədilməsi, onun saxtasının düzəldilməsi, olmayan nəyinsə varmış kimi göstərilməsidir. Çox təəssüflər olsun ki, Azərbaycan idmanında da bundan tez-tez istifadə olunur. İdmanımızın inkişafı haqda görüntü yaradılır, saxta rəqəmlərlə, ötəri uğurlarla başımızı qatırlar. Bir vaxtlar AFFA hər ayın başında statistika açıqlayırdı. İddia edirdilər ki, AFFA-nın elektron sistemində az qala yarım milyon futbolçu qeydiyyatdan keçib. Amma milli komandanın toplanışları, vacib oyunlar ərəfəsində məlum olurdu ki, baş məşqçi heyətə çağırmaq üçün normal 11 nəfər futbolçu tapa bilmir.
Bizim rəhmətlik İdris müəllim deyirdi ki, bir yalanı danışıb, sonradan onun üstünü ört-basdır etmək üçün daha 40 yalan uydurmaq lazımdır. Bu da xüsusi istedad tələb edir. Bizim idmanımıza başçılıq edənlər də bunu yaxşı bacarırlar. Uşaq və yeniyetmələrin idmana cəlb edilib, istedadların üzə çıxarılması üçün əllərini daşın altına qoymaq istəmirlər. Başa düşürlər ki, bu iş xeyli zəhmət və peşəkar yanaşma tələb edir. Əvəzində üz tuturlar kütləvi “milliləşdirmə”yə. Hansısa ölkədə öz millisinə düşə bilməyən 3-cü, 4-cü dərəcəli idmançı tapırlar, gətirib Azərbaycan pasportu verirlər. Adını da qoyurlar Azərbaycan idmanını inkişaf etdiririk.
Bir vaxtlar Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bu üsuldan geninə-boluna istifadə edirdi. Futzal millimizin və “Araz Naxçıvan”ın heyətinə braziliyalıları doldurmuşdular. Onların sayəsində futzalımız boy göstərirdi. Qılıncının dalı da, qabağı da kəsən Zaur bəy də uğurlardan feyziyab olub “lazım gəlsə, millidə Həbəşistanlıları oynadaram, təki bayrağımız yüksəlsin” deyirdi. Sonrası nə oldu? Braziliyalılar getdi, Azərbaycan futzalı suyu sovrulmuş dəyirmana çevrildi. İndi futzalımız da futbolumuzun günündədir. Çünki zamanında pulları öz gənclərimizin inkişaf etdirilməsinə yox, əcnəbilərin gətirilməsinə, onlara pasport verilməsinə xərclədilər. Bu da nəticəsi.
İndi basketbolumuz eyni yolu tutub. Bu yaxınlarda basketbol federasiyasının prezidenti cənab Emin Əmrullayev belə demişdi: “Bizi zaman-zaman legioner cəlb etməkdə tənqid edirlər. Bunun cavabı çox sadədir: Olimpiadada iştirak etmək istəyirikmi? Əlbəttə, hamının istəyi təmsil olunmaqdır. İkinci sual budur ki, hansı üsulla? Qısa müddətdə buna nail olmaq çox çətindir. Ona görə də legionerlər gətirdik. Həqiqətdən danışırıqsa, hələ bir müddət yuxarı yaş qruplarında əcnəbilərin xidmətindən yararlanacağıq”.
Bu prinsiplə basketbol klublarımıza ucdantutma əcnəbiləri doldurublar. Amma Olimpiada bir tərəfə qalsın, bu həftə avrokuboklarda oyun keçirən təmsilçilərimiz hamısı uduzdu. Özü də hamısının heyətində yetərincə legioner vardı. Nə oldu, cənab Əmrullayev, nə üçün bu legionerlər heç olmasa, bir klubumuza qələbə qazanmağa kömək etmədi?
Yenə də cavab çox sadədir. FİBA kütləvi şəkildə legionerləşmənin, əcnəbilərin sayəsində uğur qazanıb, lovğalanmağın qarşısını almaq üçün limit tətbiq edib. Cəmi 7 legionerin xidmətindən yararlana bilərsən, yerli basketbolçun da mütləq olmalıdır. Bizdə isə o yoxdur. Varsa da, səviyyələri yetərincə deyil. Deməli, neynəməliyik? Əcnəbi axınını dayandırıb, yerlilərin inkişafına çalışmalıyıq. Tez-tələsik nəticə dalıyca qaçıb, Olimpiadaya vəsiqə eşqinə düşməklə deyil. İnkişafı imitasiya etməyə çalışdığınız kifayətdir, cənablar. İndi qollarınızı çirmələyib, iş görməlisiniz. Əks halda böyük uğurlardan da danışmaq mənasızdır.
Yazar haqqında
