“Bu oyunda xarakter və mübarizə çox vacib idi” - Qurbanov
- 18:00
- 37
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 19-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:1 hesablı qələbə barədə bunları söyləyib:
"İlk növbədə azarkeşlərə təşəkkür edirəm. Belə hava şəraitində komandanın yanında oldular. Futbolçuları təbrik edirəm. Vacib üç xal qazandıq. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissənin əvvəlində "Şamaxı" bizə nisbətən aqressiv idi. Bizdə bu çatışmırdı. Belə meydanda oyunu ələ ala və topa nəzarət edə bildik. "Şamaxı"nı da yaxşı oyuna görə təbrik edirəm. Baş məşqçiləri Ayxan Abbasova uğurlar arzulayıram".
Qurban Qurbanov Azərbaycan millisinin də üzvü olan Nəriman Axundzadənin "Qarabağ"dan getməsinə də münasibət bildirib. O, 21 yaşlı hücumçunun ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı bunları dilə gətirib:
"Nəriman kimi futbolçunun komandadan getməsi bizim üçün ürəkaçan deyil. Amma son vaxtlar məlum məsələlərə görə bu, lazım idi. Çünki oyunçu özündə deyildi. Hər gün fərqli fikirdə idi, qarşısına nəsə çıxırdı, yazılanları oxuyub gəlirdi. Nəriman komandanın ən məhsuldar oyunçulardan biridir. Onun getməyinə ehtiyac yarandı ki, öz oyununu yenidən tapsın. Nəriman mənə lazım olan futbolçudur, sıx qrafikdə ona ehtiyacım var idi. Amma edəcək bir şey yoxdur. Təki transfer alınsın, onun üçün yaxşı olsun. Nəriman Axundzadə böyümək üçün son iki ildə çox əziyyət çəkib".