"Qarabağ" Misli Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib.

Rekord.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə qazandıq. Azarkeşlərimizə, bütün qubalılara təşəkkür edirəm. Komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik edirdilər. "İmişli"yə uğurlar arzulayıram.

- Meydançanın durumu komandanızın oyununa nə dərəcədə təsir etdi?

- Meydança yox idi ki... Belə meydançada futbol oynamağa necə icazə verilə bilər, başa düşmürəm. Bir neçə gün öncə İspaniyada ot örtüyünün durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. Bəzi iradları bildirəndə deyirlər ki, ancaq "Qarabağ"ı düşünür. Bu meydançanı görməyə nə Qurban lazımdır, nə də başqası. Belə olmaz. Dərindən düşünsək, hər şeyin çıxış yolu var. Belə meydançada "Nyukasl'la oyuna necə hazırlaşım? Gərək 3-4 futbolçuları bərpa edək. Oyunçular ikiqat yükləndilər. Meydança müzakirə olunası mövzudur. Burada təkcə biz oynamırıq. Məncə, bütün komandalar şikayət edir. Oturub gözləyirdim ki, oyun nə vaxt qurtaracaq. Futboldan başqa nə desən var idi.

- Mateuş Koxalskinin adının iştirak ərizəsində olmamasının səbəbi nədir?

- Yüngül zədəsi var idi. Dünən məşqdə zədələnib. Sabah dəqiq bilinəcək. 

- Leandro Andrade oyundan çıxanda axsayırdı. Onun durumu necədir?

- Baxacağıq. Meydança elədir ki, bilmirsən nə zədəsidir. O da sabah bilinəcək.

- Əvəzetmələri meydançanın durumunu nəzərə alıb etdiz?

- Həm oyunun gedişatına görə, həm də ötən matçda 90 dəqiqə meydanda olanları axıra qədər meydanda saxlamadıq. "Şamaxı" ilə görüş süni örtüklü meydançada idi. Son iki matçda futbolçular 4 oyunluq yükləndilər. Belə komandalar 90 dəqiqə müdafiə olunurlar. Ona görə də futbolçular güc itirirlər.

- Kadi Borgesin qırmızı vərəqə aldığı epizodu necə dəyərləndirirsiz?

- Nə bilim. Deyəcək bir söz yoxdur. Futbol mübarizə oyunudur. Rəqib Kadini əli ilə saxladı. O da insandır. Əlini atır ki, buraxsın. Hakim dərhal qırmızı vərəqə verir. Ola bilər kontakt olub. Amma epizodun əvvəlinə baxmaq lazımdır. Bəlkə də heç hakim epizodu görmürdü. Yəqin Əliyar Ağayev VAR-dan deyib. Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar qəbul edir. Birinci dəfə deyil. Cavid Cəlilov heç epizoda baxmırdı. Mən də baxmırdım. Sonradan baxdım. Əvvəlki oyunda Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verilmədiyi üçün çox müzakirə olundu. Hakimlər yəqin ehtiyat edirlər. Hakimlərdən danışmağı xoşlamıram. Onlar federasiyaya bildirməlidirlər ki, bu stadionda futbol oynamaq olmaz. Hansı əsrdə yaşayırıq? Başa düşürəm ki, "İmişli" yeni komandadır, stadionu yoxdur. Burada oynayırlarsa, onda burada da məşq etsinlər də. Özləri niyə burada məşq etmir? Bakıda məşq edib Qubada oynayırlar. Bakıda da oynasınlar. Bunları ona görə deyirəm ki, bəlkə meydançanın yaxşılaşdırılmasına faydam olar. Heç kimlə düşmənliyimiz yoxdur. Sadəcə istəyirik ki, normal futbol oynansın. "Nyukasl"la oyuna hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm.

- AFFA İcraiyyə Komitəsinin üzvüsüz. İclaslarda bu məsələ ilə bağlı təkliflər verə bilərsiz?

- Meydança məsələsi İcraiyyə Komitəsində həmişə müzakirə olunur. Hər klubun öz stadionu olmalıdır. "Karvan-Yevlax"la "İmişli" Premyer Liqaya buraxılanda onlara infrastrukturunun yaxşılaşdırılması üçün 1 il möhlət verildi. İcraiyyə Komitəsi gəlib meydançanı düzəltməli deyil. Lisenziyalaşdırma departamenti baxmalıdır, qərar verməlidir. Futbolçular güc sərf edirdilər, amma qaça bilmirdilər. Çox məyusam. Son vaxtlar futbolda bu qədər məyus olmamışdım. Belə olmaz.

- "Neftçi" ilə oyunun təxirə salınmasından sonra sosial şəbəkələrdə sanki "Qarabağ"a qarşı aqressiya var. Siz necə düşünürsüz?

- Hamımız azərbaycanlıyıq. Dünya futbolunda olan mövzudur. Hansısa komandanın üzərinə daha çox gedirlər. Normal bir şeydir. Bəlkə də intriqa belə böyüyür. İnanmıram ki, bizə qarşı nəsə olsun. Uğuru ölən komandaya qarşı belə şeylər daha çox olur. Amma böyük futbola bir az hörmətlə yanaşmaq lazımdır. Azərbaycanı dünyada hamı tanıyır. Sosial şəbəkələrdə gedən müzakirələrə o qədər də fikir verməyək.

- "Nyukasl"la oyundan gözləntiləriniz nədir?

- Mübarizə aparacağıq. "Nyukasl" sürətli komandadır. Premyer Liqa komandasıdır, danışmağa ehtiyac yoxdur. Son iki oyunda "Nyukasl"la matça normal hazırlaşa bilmədik. Bu iki matçda bəlkə də 1000 ötürmə etməli idik, amma heç 500 ötürmə edə bilmədik. İstədiyim hücumları qura bilmədim. Amma təcrübəmiz var. İlk dəfə deyil. Sadəcə heç vaxt belə hazırlıq olmamışdı. Təxminən 20 dəqiqə 10 nəfərlə oynadıq. Futbolçular əlavə güc sərf etdilər. Futbolçuları tez bərpa etməliyik. İnşallah yaxşı olar.