Azərbaycanlı futbolçu Fuad Bayramov karyerasını Polşada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Polşanın III liqasında çıxış edən KSZO klubuna keçib.

Ostrovets Svyentokşıski şəhərciyini təmsil edən klub bir il uzatmaq şərti ilə Fuadla mövsümün sonunadək müqavilə bağlayıb. KSZO-nun idman direktoru Sebastian Mazur bu barədə danışıb:

“Fuad uzun müddətdir ki, komandamızla məşq edirdi. Ancaq yalnız bu gün bütün rəsmiyyəti yekunlaşdırmağı bacardıq. Çünki 26 yaşlı oyunçu üçün iş icazəsi ("işçi vizası" – S.M.) almalı idik”.

Fuad Bayramov Azərbaycanın “İnter”/“Keşlə” və Gürcüstanın “Rustavi” klublarında çıxış edib.