Premyer Liqada 3-cü tur geridə qaldı. Öyrəndik ki...


- ölkəmizin yeni stadionu var. Çox gözəldir. Hələ də Gəncədəki arenanın təsiri altındayam. Çöl görünüşü, tribunalar və tribunaaltı otaqlar, media sektor, giriş-çıxışın rahatlığı, arenanın akustikası çox əla idi. Mətbuat konfransı otağı xüsusilə ləzzət elədi. Köhnə "Uayt Hart Leyn"də görmüşdüm beləsini və sizi əmin edirəm ki, bizimki dəfələrlə yaxşıdır. Stadion böyük zövqlə tikilmiş, çox gözəl stadiondur, Azərbaycanın ən yaxşılarındandır, bəlkə də ən yaxşısıdır. Bundan yaxşı şərait daha necə olsun? Yaxşı stadion, baza, gözəl azarkeş dəstəyi varsa, komandaya yalnız yaxşı oynamaq, sona qədər mübarizə aparmaq, qələbələr qazanmaq qalır.


- Yeni stadiondakı ilk matçda gözlənilməz nəticə qeydə alındı. Ötən mövsüm olduğu kimi bu il də yuxarı pillələr, hətta çempionluq iddiasını ortaya qoyan "Turan" yenə futbol adına heç nə ilə yadda qalmadı. "Kəpəz" qələbəni daha çox istəyən, bunun üçün ən kiçik şansdan belə yararlanmağa çalışan tərəf idi. Tovuz təmsilçisi isə həminkidir. Yenə Berdıyev, yenə həmin ruhsuzluq, yenə ümidsizlik. Azarkeşlərin oyundan sonra 78 yaşlı mütəxəssisə istefa şüarını rusca səsləndirməsi də xüsusi məqamdır. Adamlar beziblər.


- O getməsə də, Sxadadze getdi. Üzüsulu getdi. Gürcü mütəxəssis vaxtilə "Qəbələ" ilə aşağı dəstəyə getməyi özünə ar bilmədi, orada komandanı çempion edib geri qaytardı, PL-də ilk mövsümündə də yaxşı futbol oynatdı. Bundan artığını verəcək heç nəyi qalmamışdı. Getməli idi, getdi. Vaxtında qəbul edilən doğru qərardır.


- "İmişli"nin start heyətində birdən-birə 7 yerli ilə meydana çıxması və qələbə qazana bilməsi qeyd edilməlidir. Deməli, bizimkilərlə də nəticə qazanmaq olur. Limitin tətbiqi yerliləri ya legioner həyatı yaşamağa, ya da iddialı klublardan nisbətən zəiflərinə doğru axmağa məcbur edir. Bu, təbii prosesdir. Əsas olan bu futbolçuların itməməsi, getdikləri bu komandalarda da özlərini yaxşı tərəfdən göstərə bilməsidir. Buna şans yaratdığına görə isə "İmişli"yə əhsən.


- Lider "Zirə"dir. Rəşad Sadıqov hələ yayda "biz avrokuboka yox, daxili çempionat üçün heyət quracağıq" deyəndə bunu nəzərdə tuturdu. Mütəxəssis anlayırdı ki, qaçaqaçla edilən transferlər, aparılan sürətli hazırlıq komandanı qruplara çatdırmayacaq. Ona görə də bir-iki matç üçün liqanın startını, ardınca da bütün mövsümü boşa vermədi. Düzgün planın bəhrəsi ortadadır. Komanda maksimum nəticə ilə başlayıb, belə davam edəcəyi də görünür. 


- "Neftçi" haqda isə birmənalı danışmaq hələ tezdir. Yarış təzə başlayıb. Yeganə xoş olmayan məqam Vernidubun yersiz bəhanələrə start verməsidir. "Hakimlər belə elədi", "yaxşı oynadıq", "epizodlarımız çox oldu" və s. Nə hakimlər nəsə elədi, nə yaxşı oynadız, nə də epizodlarınız oldu, cənab Vernidub. Bütün komponentlərdə yendi "Zirə" sizi. Olur belə şeylər. Sadəcə başınızı aşağı salıb işinizi görün. Başqa söhbətlərə ehtiyac yoxdur.


- Turdakı 6 matçda cəmi 5 qol vuruldu. Biabırçılıqdır. Hay-küylə camaatı yerli çempionatı izləmək üçün tribunalara, ekran qarşısına dəvət edirik, onlar da gəlib bu durumu görürlər. Sonra da "budur, təriflədiyiniz çempionat" deyib irad bildirəndə cavab verməyə sözümüz qalmır. Ayılın, cənablar! Bu, Azərbaycan çempionatıdır, elitadır. Burda ölkənin ən elit futbolu oynanılmalıdır. Qolsuz futbol isə futbol deyil. Aldığınız pulun qarşılığını vermək, tamaşaçıları sevindirmək lazımdır. İşinizdir, işinizi yaxşı görün, bir zəhmət.


- Qurban Qurbanov ənkənin ənkəsidir, böyükdür, nəhəngdir.