Ziya Rəcəbov: "Çempion olmaq istəyirik"
- 22:00
- 38
Tovuzun qadın voleybolçulardan ibarət "Turan" klubu ölkə çempionatında yarımfinala yüksəlib. Yüksək Liqanın debütantı bu gün keçirilən 1/4 finalda "Murov Az Terminal" klubunu məğlub edib (3:0).
Tovuz OİK-də təşkil olunan oyundan sonra komandanın baş məşqçisi Ziya Rəcəbov "Rekord.az"-a açıqlamasında qələbəni dəyərləndirib:
"İlk oyunda qalib gəlmişdik, bu gün də qələbə qazandıq. Yarimfinala yüksəldik, bu münasibətlə komandamızı, oyunçuları təbrik edirəm. Qızlarımız çox yaxşı mübarizə aparırlar, finala addım-addım irəliləyirik. "Turan" azarkeşlərini xüsusi qeyd etmək istəyirəm, möhtəşəm idilər. İstər Bakıda, istərsə də Tovuzda bizi tək qoymurlar, dəstəkləyirlər. Hər biri əvəzsizdir. Rəhbərliyimiz başda olmaqla, hamıya təşəkkürümü bildirirəm".
Təcrübəli mütəxəssis komandanın hədəfinin yalnız çempionluq olduğunu bildirib:
"Artıq yarimfinala vəsiqə qazandıq. Düzdür, bu mərhələdə rəqibin hansı komanda olacağı hələ bəlli deyil. Ya "Gəncə" komandası, ya da UNEC ilə oynayacağıq. Amma bizə fərq etmir, hansı rəqiblə oynayacağımızdan asılı olmayaraq biz finala çıxmaq üçün əlimizdən gələni edəcəyik. Komandamızın qarşısına çempionluq hədəfi qoyulub. Biz çempion olmaq istəyirik, niyə də olmasın. Bu region komandası bura qədər bir məğlubiyyətlə gəlib, bundan sonra da məqsədimiz yalnız qələbədir".
Z.Rəcəbov növbəti mövsümlə bağlı da danışıb:
"Mən istərdim ki, növbəti mövsüm üçün bu heyət qalsın. Amma oyunçulara bir qədər də kömək lazımdır. Hazırda legioner limiti 6-dır. Yəqin ki, federasiya bu limiti 8 edəcək, bu da bizə Avropada öz sözümüzü deməyə kömək olacaq. Yayda mən milli komandamızla işləyəcəyəm. Klubla isə yəqin ki, avqustda toplaşarıq. Hələ ki, araşdırmalar edirik, oyunçular axtarırıq. İnşallah öz istədiyimizi əldə edərik".