Rövnəq Abdullayev cüdo federasiyasının prezidenti postundan ayrılanda demişdi ki, bundan sonra vaxtımın çoxunu futbola yönəldəcəm, çünki bu sahədə həlli vacib problemlər var. Sağ olsun, məhz onun "diqqət"i sayəsində milli komanda daha da "irəliləyərək" 129-cu pilləni tutub. Rövnəq müəllim futbola diqqət ayırmayanda vəziyyət daha yaxşı idi. Belə baxıram, Abdullayev futbola bu cür "diqqət" göstərməkdə davam etsə, ilin sonuna kimi reytinqdən yerli-dibli çıxacağıq.

 

Elxan Məmmədovun "əməyi"ni də unutmaq olmaz. Zarafat deyil, 129-cu pillədə qərarlaşmağızda onun icraçı vitse-prezident kimi fəaliyyətinin də xüsusi rolu var. Həmişə söz düşəndə deyir ki, məni bu posta layiq bilənlər işimdən razıdır. Yəni bu adam Azərbaycan futbolu üçün faydalı işlər görür və bunun nəticəsində də AFFA rəhbərliyi, İK üzvləri onun vəzifə və səlahiyyətlərini daha da artırır. Məntiqlə 129-cu pillənin mükafatı olaraq, Məmmədovu AFFA prezidenti postuna seçmək lazımdır. Ki, ən qısa müddıtdı 200 həddini vuraq.

 

Bu arada, özümüzdən irəlidə olan komandalar da adları ilə göz oxşayır. Məsələn, mən Komor adalarının adını çəksəm, çoxusu google, "yutub"a baş vuracaq ki, bu ölkə haqda məlumat toplasın. Ölkənin özü haqda, heç onun futbolunu qoyuram qırağa. Bizim Füzuli, Ağdam boyda ərzisi var, futbolu əyləncə üçün oynayırlar. Yaxud, Antiquda və Barbuda. Çoxu bəlkə də ilk dəfədir bu ölkənin adını eşidir. Amma onlar da reytinq sıralamasında bizdən öndədir. Hələ mən Mozambik, Qambiya, Farer adalarını demirəm. O Farer adaları ki, 1996-cı ildə onları 3:0 udmuşduq. Elə 2018-ci ildə Qurban Qurbanov da həmin Farer adalarına iki oyuna 5 top vurmuşdu. Bax həmin Farer adaları da bizdən öndədir. Elə bilməyin ki, bizdən geridə olanlar bizdən zəifdir. Xeyr, son toplanışda bizi məğlub edən Malta da, Latviya da reytinqdə bizdən geridədir. Amma Rövnəq müəllimin futbola daha çox diqqət ayırması və Elxan Məmmədovun himayədarlarından daha çox dəstək alması fonunda yaxın gələcəkdə həmin Malta da, Latviya da reytinq sıralamasında bizi geridə qoyacaq. Ümumilikdə FİFA-nın reytinq sıraamasında 211 milli komanda var. Belə baxanda "yüksəliş" üçün üstələməli olduğumuz daha 82 yığma var. Odur ki, "yuksəliş memarları", dayanmaq olmaz, futbola daha çox diqqət ayıraq, bizi bu posta layiq bilənlərin razılığını daha çox qazanaq və ən qısa zamanda yetişmək üçün 211-ə doğru...

 

Anar XANLAROV