Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Ayşən Abduləzimova yenə gözəl oyunu ilə yadda qalıb. 

Təcrübəli blokçumuzun şərəfini qoruduğu "Sarıyer BLD" 9-cu tur çərçivəsində "Kuzeyboru" klubu ilə üz-üzə gəlib. Rəqib meydanında keçirilən görüş Ayşən və rəfiqələri üçün uğurlu alınıb. Oyunun əvvəlindən təşəbbüsü ələ alan voleybolçumuzun komandası üstünlüyünü sonadək qoruyub. 3 hissə davam edən matçda "Sarıyer BLD" quru hesablı qələbəni bayram edib - 3:0 (15:25, 23:25, 18:25).

Komandasının 3 xal qazandığı qarşılaşmada yığmamızın üzvü 11 dəfə fərqlənib. Abduləzimova meydan sahiblərini 6 dəfə hücumda, 3 dəfə blokda, 2 dəfə isə eyslə məyus edib.