Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu yarıçın ilkin mərhələsinin 3-cü turu çərçivəsində Albaniyanın "Partizani Tirana" klubu ilə üz-üzə gəlib.

Cütün ilk görüşü voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. Doğma meydanda baş tutan matçda "Vasas" quru hesablı qələbə qazanıb - 3:0 (25:19, 25:20, 25:16). Bu qələbə ilə Macarıstan təmsilçisi qrup mərhələsinə vəsiqə qazanmaq şansını artırıb.

Komandasının çətinlik çəkmədən qələbə qazandığı oyunda millimizin üzvü 11 dəfə fərqlənib. Abduləzimova bu xallardan 8-ni hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, cütün cavab qarşılaşması oktyabrın 31-də Albaniyada keçiriləcək.