Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışını davam etdirən basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, milli komandamız Türkiyənin ikinci liqa təmsilçisi “TED Ankara Kollejiler” basketbolçuları ilə üz-üzə gəlib. Yığmamız bu görüşdə 92:77 hesabı ilə qalib gəlib.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu, 36 xalla yığmamızın liderlərindən sayılan Amil Həmzəyev seçilib. Komandamızın əsas oyun qurucusu Zaur Paşayev isə, bu görüşdə 14 məhsuldar ötürmə ilə yadda qalıb. Endar Poladxanlı 23 xal, Coşqun Əliyev və Əkbər Məmmədov hərəyə 14 xal toplayaraq qələbədə əsas pay sahiblərindən olublar.

Xatırladaq ki, yığmamız bundan əvvəlki sınaq matçlarında Türkiyənin köklü komandalarından sayılan “Türk Telekom”un U-20 basketbolçularına 64:62 hesabıyla qalib gəlib, Super Liqa təmsilçisi “Afyon HDİ” kollektivinə isə 77:79 hesabı ilə məğlub olub.