Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin "Heydər Əliyev İli" ilə bağlı tədbirlər planına uyğun olaraq 15 mart 2023-cü il tarixdə Xaçmaz Şahmat Məktəbində uşaq və yeniyetmələr arasında şahmat turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, xalqımızın ümummilli lideri H. Əliyevin xatirəsinin Novruz bayramı ərəfəsində yad edilməsi, uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi intellektual hazırlıq səviyyəsinin yüksəldilməsi və gələcək yarışlara hazırlıq məqsədi daşıyan yarışda Xaçmaz Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şahmat qruplarında məşğul olan 50-yə yaxın məktəbli iştirak etmişdir.

Turnirin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Ulu öndərin həyat və fəaliyyəti haqqında yarış iştirakçılarına ətraflı məlumat verilmişdir. Yekun nəticəyə əsasən yer tutan şahmatçılar sonda Xaçmaz Rayon Gənclər və İdman İdarəsi və Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbi tərəfindən hazırlanmış diplomlarla təltif edilmişdir.