Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Xaçmaz rayon UGİŞM-də rayon məktəbliləri arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, turniri giriş sözü ilə açan Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Azad Şeydayev yarış iştirakçılarını salamlayaraq onları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, şahmat idman növünün məktəblilərin əqli inkişafında xüsusi rol oynadığını vurğulamış, bu idman növündə respublikamızın idmançıları keçmiş postsovet məkanında ən iddialılardan olmuş və beynəlxalq arenada uğurlu nəticələr göstərdiklərini qeyd etmişdir.

Bu ənənənin davam etdirilməsi üçün uşaq və yeniyetmə şahmatçıların daha səylə çalışmalı olduqlarını söyləmişdir.

Daha sonra Xaçmaz rayon UGİŞM-in direktoru Nəriman Babayev çıxışında belə yarışların tez-tez keçirilməsinin şahmatçıların ustalığının daha da yüksəlməsinə zəmin yaradacağını, rəhbərlik etdiyi məktəbin şahmatçıları arasında perspektivli idmançıların olduğunu, gələcək yarışlarda onlara böyük ümid bəslədiklərini qeyd etmişdir.

Turnirin yekununda müxtəlif yaş qrupları üzrə qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilmişlər.