Qəbələdə təşkil olunan “Vüqar Həşimov Memorialı-2023”ün bağlanış mərasimi keçirilib.

Sport24.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, ərazi vergi idarəsinin rəisi Elxan Süleymanlı və Vüqar Həşimovun atası Qasım Həşimov iştirak ediblər.

Mahir Məmmədov çıxışında yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Qalib şahmatçını təbrik edən AŞF rəhbəri şahmata göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Turnirin Təşkilat Komitəsinin rəhbəri Qasım Həşimov da çıxışında turnirin keçirilməsinə dəstək olan qurumlara minnətdarlığını bildirib.

Yarışın qısa xülasəsi ekranda nümayiş olunduqdan sonra baş hakim İlahə Qədimova yekun nəticəni açıqlayıb.

Qeyd edək ki, 9-cu “Vüqar Həşimov Memorialı-2023”ün qalibi olan Hindistan şahmatçısı Vidit Santoş Qujratiyə kuboku Qasım Həşimov təqdim edib.