"Turan Tovuz"un qələbəsi, Rəşad Sadıqovun izahatı və Ehtiram Quliyevin haqqı!
- 11:00
- 39
"Turan Tovuz" "Zirə" ilə oyunda çox vacib qələbə qazandı. Çünki bu oyunda da xal itirsə, liderlərdən uzaq düşəcəkdi. Ötən oyunlarla müqayisədə bu oyunu daha qıvraq oynadılar. Amma təbii ki, "Qarabağ" və "Sabah"la başabaş oynamaq üçün bir qədər də artırmalıdır.
Oyundan sonra yaşananlara gəlincə, ötən gün qısa yazmışdım, indi bir qədər geniş yazacam, həm də mətbuat konfransında Rəşad Sadıqovun dedikləri ilə bağlı. Öncə ondan başlayım ki, öncəki statusumda bəzi fikirlər bəziləri tərəfindən başqa cür başa düşülüb, sanki mənim "Turan Tovuz"un qələbəsinə kölgə salmaq niyyətim olub. Hətta bəziləri bunu qeyri-obyektiv yanaşma kimi qəbul edib, buna etiraz edib. Başa düşürəm, dostluğumda olmayan insan hansısa statusla təsadüfən rastlaşır və həmin statusda tənqidi fikirlər olanda elə başa düşür ki, bunu yazan "Turan Tovuz"a qarşı qərəzlidir, Tovuz futbolunu sevmir. Həmin insanlara məsləhətim: kimisə qərəzdə ittiham etməzdən öncə onun səhifəsinə, əvvəlki yazılarına göz gəzdirin və əmin olun ki, həmin insan sizin komandanıza qarşı qərəzlidir, yoxsa obyektiv. Söhbət dostluğumda olmayanlardan gedir. Olanlar zatən tanıyır. Olmayanların da demək olar hamısı ilə müzakirə edib aydınlaşdırdıq hər şeyi. Təbii ki, söhbət normal düşüncədə olanlardan gedir. Mən demək istəmişdim ki, oyun bəlkə də 0:0-lıq oyun idi. O mənada ki, qol son saniyədə vuruldu. Dərhal da oyun bitdi. Yəni Amil Seydiyev yersiz yerə o qayda pozuntusunu etməsə idi, matç 0:0 bitəcəkdi. İşi həmişə belə şansa buraxmaq olmaz. Amma etiraf edim ki, "Turan Tovuz" "Sumqayıt", "Kəpəz", "Qəbələ" ilə matçlardan fərqli olaraq, bu dəfə daha diri oynadı.
Oyun sonrası olanlar isə futbolun içində olan şeylərdi, bəzən futbolun dadı-duzu olur. Futbol teatr deyil ki, əlini dizinin üstünə qoyub sakitcə baxasan. Bəlkə də "Turan Tovuz"u daha diri oynamağa elə bu prinsipiallıq vadar edib. Amma olanlara həm də şərh veririksə, gərək obyektiv olaq. Başa düşürəm, azarkeş tərəfdi, heç vaxt obyektiv ola bilməz, həmişə istəyir ki, ancaq onun komandası haqda xoş söz deyib, onun komandasının xeyirinə danışasan. Komandasının futbolçusu vurub rəqibin ayağını qırsın və sən bunu tənqid etsən belə, yenə sənə irad tutacaq. Məsələn yazacaq ki, filan epizodda da rəqibə sarı düşürdü, onu niyə demirsən? Yəni adam ayaq qırılmaqla adi sarı vərəqəlik epizoda eyni yanaşır. Çünki azarkeşdi. Futbolçusu rəqibin ağzının üstünə təpiklə zərbə endirsə belə haqlıdır. Onu tənqid edən jurnalist isə qərəzli. Amma dediyim kimi, azarkeş olduğu üçün bunları normal qəbul edirəm. Tovuzda olanlarda isə konkret günahkar axtarmaq düzgün deyil, prinsipial oyunun gətirdiyi emosiya, gərginlik idi. Yeganə iradım Joya oldu o da ona görə yox ki, qələbəni qeyd edirdi. Qələbəni qeyd etmək onun haqqı idi, əccəb edirdi. Sadəcə, "Zirə" futbolçularının, məşqçi və texniki heyətinin içinə girib bunu etməsi rəqib düşərgədə qıcıq yaratdı və ara qarışdı. Keçən dəfə də yazmışdım, yaxşı ki, Rəşad Sadıqov vacib müdaxilə etdi və bütün məşqçi-futbolçu heyətini itələyib ordan uzaqlaşdırdı. Bir də orda "Turan Tovuz"un italiyalı məşqçisi Marko Kaser də çox aqressiv görühnürdü, sanki Rəşad Sadıqovla mübahisə edirdi. Amma mən oyundan sonra təxminən 1 saata qədər stadionda qalıb həmin məşqçini gözlədim ki, öz dilindən münasibət öyrənib. Süleymanla İlkini də məcbur saxlamışam ki, mən Markodan fikir öyrənmədən burdan getməyəcəm. Ona görə Gəncədə məni gözləyən insanları da 1 saat artıq gözlətmişəm, saat 11-də gedib Gəncəyə çıxmışam. Bəziləri yazırdı ki, qərəzlisən, qeyri-obyektivsən, yəni qərəzli insan köməkçi məşqçiyə görə 1 saat daşın üstündə oturub gözləməz.
Gələk Rəşad Sadıqovla bağlı yaşananlara. Artıq neçə müddətdir ki, tovuzlu azarkeşlərlə Rəşad arasında gərginlik yaşanır. Avrokuboklara sanksiyə söhbəti ortaya çıxandan sonra münasibətlər daha da gərginləşib. Maraqlıdır ki, oyundan sonra məni tanıyıb yaxınlaşan tovuzlu azarkeşlərin ilk sözü də bu idi ki, "müəllim, Rəşadı susdurmağımız necə idi?". Yəni gizlətməyin mənası yoxdur, aqresiya var. Amma mən bunu bütün azarkeşlərə aid etməzdim. Rəşad özü də mətbuat konfransında dedi ki, Tovuz mənə doğmadı, evim kimidi, dünən də tovuzlu azarkeşlər otelə gəlib şəkil çəkdiriblər. Yəni bu da var. Düşünürəm ki, bir qrup azarkeşlə olan problem də zamanla yoluna qoyulacaq.
Rəşadın burada "Turan Tovuz"un rəhbərliyindən kimlərisə günahlandırmasına gəlincə, mətbuat konfransında olan biri kimi onun fikirlərini olduğu kimi sizə çatdıracam. Orada söhbət konkret Ehtiram Quliyevdən getmir. Rəşad heç elə fikirdə də olmaz. Heç Ehtiram Quliyev də o cür cılız düşüncənin insanı deyil. Rəşad sadəcə, Şamaxıdakı məlum oyunu və penalti epizodunu xatırlatdı, hansı ki, hər şeyin kökü ordan gəlir. Guya deyiblər ki, Rəşad "Turan Tovuz"un penaltisinə sevinib, sonra guya avrokuboklara getməməsinə sevinib, Rəşad dedi ki, belə bir şey mümkün deyil. Etiraf elədi ki, "Turan Tovuz"un məğlubiyyətinə sevinə bilərəm normaldı, rəqibimdi. Turan Tovuz" da mənim uduzmağı istəyir bu da normaldı. Amma mən sevinim ki, "Turan Tovuz" avrokuboklara getmədi, "Turan Tovuz"un qapısına haqsız penalti verildi, belə bir şey mümkün deyil. Bildirdi ki, kimsə azarkeşlərə mənimlıə bağlı düzgün olmayan informasiya çatdırıb. Klub rəsmlərindən niyə şübhələnir? Çünki deyir Şamaxıda hakim VAR-a baxanda mənim dayandığım mövqe tribunadan görünmürdü, azarkeşlər məni görə bilməzdi. Belə başa düşdüm ki, söhbət ötən mövsümkü oyundan gedir. Onu yalnız yaxınlıqda olan klub rəsmlərindən kimsə azarkeşlərə çatdıra bilərdi ki, Rəşad "Turan Tovuz"un uduzmasına sevinib. Şəxsən mən isə, heç buna da inanmıram. Çünki "Turan Tovuz"un rəhbərliyində olan insanların da əksəriyyəti savadlı, ziyalı insanlardı. İstisna eləmirəm ki, ortada aranı qatan kimsə ola bilər. Amma bu da çox getməz və münasibətlər yoluna düşər.
Sonda Ehtiram Quliyev haqda. Son günlər məlumatlar yayılır ki, klubdan gedə bilər, filan. Etməyək dostlar. Etməyək, eləməyək. Bu adamın qədrini bilmək lazımdı. Tək Tovuz azarkeşləri yox, hamımız. Adam görün qısa müddətdə hansı işləri gördü. Tovuzda stadion, baza, Bakıda baza, akademiya üçün Tovuzda baza, əlavə inzibati bina, avtobus, əlavə büdcə, akademiyada ən yüksək maaş, kənardan gələn uşaqlar üçün qalacaq, yemək və s. Ayıbdı e VAllah ayıbdı. Və günahdı. Bu insanın qədrini bilməliyik, dəstəkləməliyik. Mən öz təmsil etdiyim sahənin adından deyirəm. Gəlir jurnalistlərlə tək-tək görüşür, "xoş gəlmisiniz", "sizsiz futbol inkişaf etməyəcək", "ayaqlarınıza sağlıq" deyir. Adamın o boyda statusu, imkanları, pulu var e, klub rəhbərləri var ki, jurnalistə ağızucu "salam" deməyi də "padlo" bilir. Adam xadimələri, xidmətçiləri görəndə doğma insanı kimi görüşür. Hardan tapacaqsınız ki, belə klub rəhbərini futboldan bezdirib göndərməyə həvəslisiniz? Bu məqamda "Turan Tovuz" azarkeşlərindən çox şey asılıdır. Ehtiram bəyi qorumaq, arxasında durmaq və dəstəkləmək lazımdı. Hətta lazım gəlsə, növbəti ev oyununda plakatını stadiondan açıb dəstək olmaq lazımdı. İnanın ki, bu şəxs getsə, heçdə yaxşı olmayacaq. Demirəm Tovuzda futbol olmayacaq. Olacaq. Amma bu cür olmayacaq.
Anar XANLAROV