Avropa Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan yığması turnirdə iki oyun keçirib. "Rekord.az" xəbər verir ki, komandamız İsveçdə təşkil olunan birinci turçərçivəsində Yunanıstan və meydan sahibləri ilə qarşılaşıb.

Hər iki oyunda məğlub olan yığmamızın kapitanı Vüqar Bayramov fikirlərini bölüşüb:

“İlk iki oyun bizim üçün kifayət qədər çətin keçdi. Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bunun əsas səbəblərindən biri rəqiblərimizin həm boy, həm də fiziki olaraq üstün olmaları idi.
Bununla belə, qarşıda bizi daha dörd vacib oyun gözləyir. Hazırda səhvlərimizi və çatışmazlıqlarımızı diqqətlə təhlil edir, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq üçün intensiv çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda daha inamlı çıxış edib daha keyfiyyətli voleybol nümayiş etdirəcəyik və komandamızın əsl potensialını ortaya qoya biləcəyik.”