
Voleybol Federasiyası "Rekord.az"a təşəkkür etdi
- 21 İyl 2025 17:09
- 67
Azərbaycan Voleybol Federasiyası (AVF) Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyinə həsr edilmiş tədbir keçirib. "Rekord az" xəbər verir ki, tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, baş katib Faiq Orucov, idarə heyətinin üzvləri, müxtəlif media qurumlarının nümayəndələri və federasiyanın əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə AVF-nin prezidenti Şahin Bağırov açaraq qonaqları salamlayıb. O, idman jurnalistlərini və bütün media nümayəndələrini milli mətbuatımızın yaranmasının 150 illiyi münasibətilə təbrik edib. Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncam imzaladığını xatırladan Ş.Bağırov vurğulayıb ki, bu, dövlət başçısının ölkə mediasına, jurnalistlərə diqqət və qayğısının növbəti göstəricisidir.
AVF rəhbəri media nümayəndələrinin hər zaman voleybolu diqqət mərkəzində saxladığını da qeyd edib. Bildirib ki, media istər yığma komandalarımız, istərsə də klublarımız, voleybolçularımız, ölkəmizdə çıxış edən xarici oyunçularla bağlı xəbərlər, mühüm yazılar, müsahibələr, süjetlər hazırlayırlar. Həm ölkə səviyyəli, həm də beynəlxalq yarışlar hər zaman işıqlandırılır. Həm əvvəlki illərdə qazanılan uğurlar, həm də hazırda əldə olunan nailiyyətlər ətraflı şəkildə media tərəfindən yayımlanır. Qurum rəhbəri son illər uşaq voleybolunun inkişafı ilə bağlı görülən işlərdən danışıb və bu işlərin ictimaiyyət arasında geniş yayılmasında məhz medianın böyük rolunun olduğunu əlavə edib. O, bundan sonra da jurnalistlərin voleybolumuza, voleybolçularımıza diqqət göstərəcəyinə inamını ifadə edib. Ş.Bağırov xatırladıb ki, gələn il ölkəmizdə qadın voleybolçular arasında Avropa çempionatı keçiriləcək. O, bu yarışın da mediada geniş işıqlandırılmasının vacibliyini vurğulayıb, bütün ölkə mediasını bu işdə dəstək olmağa çağırıb. Ş.Bağırov bütün media orqanlarına, jurnalistlərə fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Faiq Qarayev Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. İdmançıların tanınmasında məhz medianın rolunun böyük olduğu bildirilib. F.Qarayev voleybolumuzun uğurlarının, federasiya tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də bu sahə ilə bağlı bütün yeniliklərin bundan sonra da geniş şəkildə işıqlandırılacağına inamını qeyd edib. O, media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışlardan sonra AVF-nin il ərzindəki fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.
Daha sonra voleybolun işıqlandırılmasında yaxından iştirak edən media qurumlarına AVF-nin təşəkkürnamələri və hədiyyələr təqdim olunub. "Rekord.az" saytına da AVF-nin "Təşəkkürnamə"si verilib.
Sonda AVF rəhbərliyi və media nümayəndələri xatirə şəkli çəkdiriblər.