Valideyn himayəsindən məhrum uşaqlara futbol vasitəsilə yeni gələcək
- 18:00
- 18
UEFA-nın rəsmi saytında qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Fidan Cəfərovanın həyat yolu barədə yazı yayımlanıb.
Rekord.az xəbər verir ki, yazıda bildirilib ki, AFFA və Azərbaycan Respublikasının Sosial Xidmətlər Agentliyinin birgə həyata keçirdiyi sosial layihə valideyn himayəsindən məhrum uşaqlara futbol vasitəsilə özünəinam qazanmağa, dostluqlar qurmağa və idmanda yeni imkanlar yaratmağa kömək edir.
“Futbol mənim ailəm oldu. Uşaq evində böyüyəndə bəzən xəyal qurmaq belə lüks kimi görünür”, - deyən Fidan Cəfərova uşaqlıq illərini xatırlayarkən futbolun onun üçün sadəcə idman növü olmadığını deyib. Futbol ona xəyal qurmağı öyrədən və gələcəyə inam verən əsas vasitə olub. Hazırda Türkiyənin “Hakkarigücü Spor” klubunda çıxış edən futbolçunun həyat yolu AFFA və Azərbaycan Respublikasının Sosial Xidmətlər Agentliyinin birgə həyata keçirdiyi inklüziv futbol layihəsində iştirak edən uşaqlar üçün böyük motivasiya mənbəyidir.
“Futbol mənə məqsəd verdi”
Fidan Cəfərova 9 yaşında Şəki Qarışıq Tipli Uşaq Evinə yerləşdirilib. Qısa müddət sonra AFFA-nın dəstəyi ilə Şəkidə fəaliyyət göstərən “Marxal” qızlar komandasında məşqlərə qoşulub. İlk dövrlərdə müəyyən çətinliklər yaşasa da, futbol onun həyatında xüsusi yer tutub: “Elə günlər olurdu ki, məşqə getməmək üçün ağlayırdım. Amma dostum, gənclərdən ibarət milli komandamızda çıxış edən Nahidə Məmmədova məni həmişə ruhlandırdı. Məşqçilərim bu idman növünü mənə sevdirdilər. Futbol mənim həyat yoluma çevrildi”.
11 yaşında Azərbaycanın U-15 millisindən ilk dəvətini alan F.Cəfərova daha sonra bütün aşağı yaş qruplarından keçərək əsas milliyə qədər yüksəlib: “U-15 millisinə dəvət almaq həyatımı dəyişdi. Futbola tamamilə fərqli baxmağa başladım. Ondan əvvəl gələcək barədə çox düşünmürdüm. Uşaq evində böyüyəndə əsas məqsəd bu günü yaşamaq olur, çünki sabahın necə olacağını bilmirsən. Futbol mənə məqsəd verdi. Bu gün futbol ailəm, dostlarım və ən böyük dayağımdır. Mənə özüməinam qazandırdı. İstəyirəm ki, mənim hekayəm öz mübarizəsini aparan və xəyal quran uşaqlara ümid versin”.
Futbol vasitəsilə yeni imkanların yaradılması
2024-cü ilin avqustunda fəaliyyətə başlayan AFFA layihəsi hazırda Bakı, Şəki, Gəncə və Lənkəranda yerləşən 6 uşaq evini əhatə edir. AFFA-nın lisenziyalı məşqçiləri həftədə iki dəfə futbol məşqləri keçərək həm oğlan, həm də qız uşaqlarına futbol, təhsil və sosial inkişaf imkanları yaradırlar. İl ərzində seçilən istedadlı iştirakçılar yerli komandalarda məşqlərini davam etdirmək şansı əldə edirlər. Layihə çərçivəsində təşkil olunan “Dostluq Kuboku” minifutbol turnirləri isə uşaqlarda özünəinamın, komanda ruhunun və dostluq münasibətlərinin formalaşmasına töhfə verir.
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva layihənin əsas məqsədini belə izah edib: “Bu layihə futbolun sosial gücündən istifadə edərək valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni imkanlar yaradır. Futbol vasitəsilə uşaqlar yalnız texniki bacarıqlar qazanmırlar. Onlar liderlik keyfiyyətlərini inkişaf etdirir, ünsiyyət bacarıqlarını möhkəmləndirir və sağlam həyat tərzi vərdişləri formalaşdırırlar. Bu bacarıqlar onların gələcək həyatında mühüm rol oynayacaq.
Layihə həm oğlan, həm də qızlar üçün açıqdır. AFFA bütün iştirakçıları idman geyimi və ləvazimatı ilə təmin edir. Əsas məqsədimiz uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, komanda ruhunu gücləndirmək, sosial bacarıqlarını artırmaq və onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir”.
İlk nəticələr
Layihə artıq real nəticələr verməyə başlayıb. Bir neçə iştirakçı yerli komandalarda və qızlardan ibarət futbol akademiyalarında məşqlərə cəlb olunub. İştirakçılardan Alina Cəfərli ötən mövsüm “Şəfa” komandasının heyətində çıxış edib. Hazırda isə daha 13 qız futbolçu “Şəfa”, “Marxal”, “Neftçi” və “Araz-Naxçıvan”ın aşağı yaş qruplarında məşqlərini davam etdirir.
Gələcək nəsil üçün nümunə
UEFA ilə kütləvi futbolun inkişafı və sosial məsuliyyət sahəsində davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə AFFA-nın təşkilatlanmış idmana çıxış imkanları məhdud olan uşaqlara futbol vasitəsilə dəstək göstərmək istiqamətindəki geniş fəaliyyətinin tərkib hissəsidir. Layihədə iştirak edən bir çox uşaq üçün Fidan Cəfərovanın həyat yolu istedadın düzgün dəstək və imkanlarla birləşdiyi zaman nələrin mümkün olduğunu göstərən canlı nümunədir.
Kifayət Mustafayeva bildirib ki, Fidan Cəfərovanın həyat yolu uşaqlar üçün güclü motivasiya mənbəyidir: “Onun peşəkar futbolçuya çevrilməsi göstərir ki, düzgün dəstək, ardıcıl məşqlər və sosial təşəbbüslər sayəsində uşaqlar böyük uğurlar qazana bilərlər. Cəfərovanın hekayəsi layihə iştirakçılarına öz potensiallarına inanmağa kömək edən real nümunədir. Bu, xüsusilə qızların futbola marağının artmasına və bu sahədə öz gələcəklərini görmələrinə mühüm təsir göstərib”.
Fidan Cəfərova isə layihənin onun üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayıb: “Heç vaxt ümidinizi itirməyin. Futbol insana çoxlu qapılar açır. Bəziləri sizə futbolun qızlar üçün olmadığını deyə bilər. Amma hər bir uğurlu hekayə yüzlərlə başqa qız üçün yeni imkanlar yaradır”.
UEFA-nın hazırladığı mətnlə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz:
https://www.uefa.com/news-media/news/02a7-212df4e68fec-d1bbf6abeaa4-1000--giving-children-without-parental-care-in-azerbaijan-a-fut/