Voleybol üzrə Azərbaycan çempionatı nəhayət başlayır. "Rekord.az" xəbər verir ki, azarkeşlər uzun aradan sonra dekabrın 17-də voleybol üzrə ölkə birinciliyini izləyə biləcəklər.

Super Liqanın 2021/2022 mövsümünə qadınların mübarizəsi ilə start veriləcək. Mövsümün ilk qarşılaşması “Murov” və “Abşeron” komandaları arasında baş tutacaq.  Görüş saat 16:00-da başlayacaq.

Ardınca kişi voleybolçular meydana çıxacaq. Yüksək Liqa çərçivəsində MOİK və “Neftçi” kollektivləri üz-üzə gələcəklər.

Bu  qarşılaşmalardan əvvəl çempionatların rəsmi açılış mərasimi təşkil olunacaq. 

Qeyd edək ki, Super Liqada “Murov” və “Abşeron”la yanaşı, “Azərreyl”lə "UNEC" çempion adı uğrunda mübarizə aparacaq. Yüksək Liqada isə "MOİK", “Neftçi” “Murov”, “Exspress” və “Sərhədçi” qüvvəsini sınayacaq. 

Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək. 

Çempionatların açılış mərasimi və oyunlar “Murov”un Biləcəridəki zalında keçiriləcək. Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz təşkil ediləcək.

Dekabrda qadın və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək. 

Xatırladaq ki, voleybol üzrə ölkə çempionatlarında COVID-19 pandemiyası səbəbindən 2019/2020 illər mövsümü yarımçıq dayandırılmışdı. Növbəti mövsüm isə ümumiyyətlə təşkil olunmamış və birincilikdə uzun fasilə yaranmışdı.