"Kəpəz" bu gün Azərbaycan Premyer Liqasının 2-ci turunda "Karvan-Yevlax"la qarşılaşıb.


Rekord.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matçda 2:3 hesabı ilə məğlub olan "sarı-göylər"in baş məşqçisi Adil Şükürovun oyundan sonra mətbuat konfransı baş tutub. Şükürov rəqibin əlinə düşən fürsətlərdən istifadə etdiyini bildirib:


"Düşünürəm ki, oyun olaraq daha çox top bizdə qaldı. Rəqib əlinə düşən fürsətlərdən istifadə etdi. Bizim üçün önəmli məsələ ondadır ki, azarkeşlərimiz bizdən narazı qaldı. Onlar qələbə gözləyirdi. Gələcəkdə bu xal itkilərinin əvəzini çıxacağıq.


Oyun olaraq da, statistika olaraq da üstünlük bizdə ola-ola məğlub olduq. Komandanı formalaşdırmaq lazımdır. Belə xal itkiləri çempionatın hər hissəsində olur.


Komandada ruh düşkünlüyü həmişə qazanılmayan xallara görə olur. Sadəcə, indi komandamızı toparlayıb, Premyer Liqada qalmaq deyil, müəyyən hədəflərimiz var ki, onlara çatmaq üçün çalışacağıq. Bəzi məsələlər var ki, onları yoluna qoyub, daha da fərqli "Kəpəz" görəcəyik.


Transfer çalışmalarımız davam edir. İki oyunçu komandaya qoşulmalıdır. Yeni transferlər gələndən sonra komanda güclənəcək".