18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində bürünc və qızıl medallar uğrunda qarşılaşmalar keçirilib.

Oğlanlar arasında üçüncü yer uğrunda oyunda “Murov Az Terminal” komandası “Bakı RVK”nı 3:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Qızların mübarizəsində isə “Möminə Xatun” komandası “Oğuz RVK” klubuna 3:0 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

Qızların final qarşılaşmasında “Milli Aviasiya Akademiyası” komandası “Lokomotiv”i 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub. Oğlanların final görüşündə isə “Şərqi Zəngəzur RVK” komandası “ORDU”nu 3:0 hesabı ilə üstələyərək çempionluğa yiyələnib.Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib. İlk olaraq AVF ilə müqaviləsi başa çatan yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatmaya federasiyanın təşəkkürnaməsi təqdim olunub. Çıxış edən federasiya prezidenti Şahin Bağırov bildirib ki, türkiyəli mütəxəssis 2023-cü ildə Azərbaycana dəvət olunub. AVF rəhbəri Ş. Çatmanın bu müddətdə paytaxtımızla yanaşı, regionlarda da uşaq və yeniyetmələr voleybolunun inkişafındakı fəaliyyətindən danışıb və ona Azərbaycan voleyboluna verdiyi töhfələrə görə təşəkkürünü bildirib. Həmçinin valideyn Anar Quluzadə çıxış edərək Şahin Çatmaya minnətdarlıq edib.

Sonra Şahin Bağırov türkiyəli mütəxəssis Şahin Çatmaya AVF-nin təşəkkürnaməsini təqdim edib. Həmçinin gənclərdən ibarət milli komandamızın üzvləri Ş. Çatmaya yığmanın simvolik formasını hədiyyə veriblər. Türkiyəli mütəxəssis çıxış edərək AVF rəhbərliyinə ona bu illərdə yaradılan şəraitə görə təşəkkürünü bildirib. O, yeniyetmə və gənc voleybolçuların tezliklə əsas yığma komandalarda çıxış edəcəklərinə əminliyini ifadə edib, hər birinə uğurlar arzulayıb.

Daha sonra qaliblərin mükafatlandırılmasına start verilib. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, maliyyə direktoru Sənan Cəfərov, “Murov Az Terminal” VK-nın prezidenti Cavid Kərimov, “AZERRAIL” VK-nın prezidenti Ramin Əzizov, AVF-nin Naxçıvan filialının prezidenti Vüqar Əliyev, “Şərqi Zəngəzur RVK”nın prezidenti Niyaməddin Paşayev, “Veysəloğlu” şirkətlər qrupunun direktor müşaviri İlqar Nuri və “AVRORA” şirkətlər qrupunun direktoru Ceyhun Abbasov təqdim ediblər.

Beləliklə, qızların yarışında “Milli Aviasiya Akademiyası” komandası qızıl medal və kuboka layiq görülüb. “Lokomotiv” gümüş, “Möminə Xatun” isə bürünc medal qazanıb.

Oğlanların yarışında isə “Şərqi Zəngəzur RVK” komandası qızıl medal və kuboka sahib olub. “ORDU” gümüş, “Murov Az Terminal” komandası isə bürünc medal əldə edib.

Sonda qalib və mükafatçı komandalarla xatirə şəkilləri çəkdirilib.