Qadın voleybolçulardan ibarət Tovuzun “Turan” klubu Azərbaycan çempionatının yarımfinala vəsiqə qazanıb. Komandanın prezidenti Həsən Zeynalov 1/4 final mərhələsindəki qələbədən sonra “Rekord.az”la fikirlərini bölüşüb:

“Bu mərhələdə “Murov Az Terminal”ın ciddi müqavimət göstərəcəyi əvvəlcədən bəlli idi, baxmayaraq ki, komanda ilkin mərhələni 8-ci pillədə başa vurub. Mövsümün gedişində komandaya yeni oyunçular cəlb etmişdilər. Gənc və yaxşı komandadır. Onlarla qarşılaşmanın çətin və maraqlı keçəcəyini də bilirdik. Biz də bu oyunlara ciddi hazırlaşmışdıq və hər iki oyunda qələbə qazandıq. Bu münasibətlə komandamızı təbrik edirəm”.

H.Zeynalov “Turan”ın hədəflərindən də danışıb:

“Bu mövsümdə təbii ki, hədəfimiz çempionluqdur. Bunun üçün əlimizdən gələni edirik. Allah qismət eləsin, çempion olarıq. Hazırkı heyətimiz çempion olmağa imkan verir, hamıdan razıyam. Təsadüfi deyil ki, ilkin mərhələdə keçirdiyimiz 18 oyunda yalnız bir məğlubiyyətimiz var, 17 qarşılaşmada qələbə qazanmışıq. Gələcək hədəfimiz isə Avropada oynamaqdır. İnşallah avrokubokda çıxış edib uğurlu nəticə qazanarıq".

Klub rəhbəri rəqibin kimliyindın asılı olmayaraq yalnız qələbə üçün meydana çıxdıqlarını deyib:

“Bütün komandalar güclüdür, yaxşı heyətləri var. Hər bir komandaya ciddi yanaşırıq və maksimum şəkildə oyunlara hazırlaşırıq. Qarşıda hələ yarımfinal oyunumuz var, hazırda bütün fikrimiz bununla bağlıdı, ilk olaraq yarımfinalda qalib gəlib finala yüksəlməliyik. Hansı komanda ilə oynamağımızdan asılı olmayaraq, məqsədimiz qələbədir”.

O, komandanın yaradılması ilə bağlı sualı belə cavablandırıb:

“Komandamız hələ birinci ildir ki, yaradılıb. Çempionatda da debüt ilimizdir. Komanda rəhbərliyinə federasiya, sporsorlar tərəfindən gətirilmişəm. Voleybol klubuna rəhbərlik təklifini də çox maraqla qarşıladım. “Turan” klubu Tovuz rayonunu təmsil edir, mən özüm də tovuzluyam. Ona görə də bu təklif gələndə çox sevindim”.
“İlk olaraq məqsədimiz Azərbaycan voleyboluna, Tovuz voleyboluna töhvə verməkdir” – deyən H.Zeynalov rayonda voleybola olan maraqdan da danışıb: “Tovuz Regional Voleybol klubu 5 rayonu – Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy və Qazaxı əhatə edir. Hazırda burada 8 minə yaxın qız və oğlan voleybolçu məşq keçir. Təbii ki, bu uşaqların hamısı professional voleybolçu olmayacaq. Amma istəyimiz budur ki, onların içərisindən yaxşı voleybolçular yetişsin və milli komandalarımızda çıxış etsinlər. Aşağı yaş qrupları üzrə çempionatların demək olar ki, hamısında təmsil olunuruq. Bilirsiniz ki, bir neçə gün əvvəl qızlardan ibarət U-14 komandamız ölkə birinciliyinin finalında “AZERRAIL”i məğlub edərək çempion oldu. Əlbəttə ki, hədəfimiz bütün komandalarımızın yarışlarda qələbə qazanmasıdır”.

Həsən Zeynalov “Turan” azarkeşlərinə təşəkkür etməyi də unutmayıb:

““Turan” azarkeşləri çox möhtəşəmdir, hər birinə təşəkkür edirəm. Həm ev oyunlarında, həm də səfərdə hər zaman komandamızı dəstəkləyirlər. Doğma meydanda oynayarkən zalda demək olar ki, boş yer olmur, sağ olsunlar. Bu, bizim üçün çox vacibdir. Əminəm ki, bundan sonra da bizi tək qoymayacaqlar”.